Danışmaqda çətinlik çəkən uşaqlara valideynlərin tələsik autizm diaqnozu qoyması düzgün yanaşma hesab edilmir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin aparıcı loqopedi Aygün Ələkbərova deyib.
Onun sözlərinə görə, autizm diaqnozunu yalnız ixtisaslaşmış həkim qoymalıdır:
“Autizm diaqnozunu yalnız uşaq psixiatrı qoya bilər. Nevroloq, nevropsixoloq və digər mütəxəssislər bu diaqnozu təsdiqləyə bilməz. Əgər valideyn uşağında müəyyən əlamətlər müşahidə edirsə, ən doğru addım həkimə müraciət etmək və narahatlığını aradan qaldırmaqdır. Bu, həm valideyn üçün aydınlıq yaradır, həm də lazım olarsa, erkən müdaxiləyə başlamağa imkan verir”.
A.Ələkbərova qeyd edib ki, autizmli uşaqlarda əsas problem nitqdən daha çox kommunikasiya ilə bağlı olur:
“Autizm sindromlu uşaqlarda nitq qüsurları əsasən kommunikativ funksiyanın pozulmasından qaynaqlanır. Yəni ilkin olaraq ünsiyyət bacarıqları zədələnir. Bununla yanaşı kəkələmə, səslərin düzgün tələffüz olunmaması və ya cümlə quruluşunda pozuntular da müşahidə oluna bilər. Amma əsas məsələ sosial ünsiyyətin zəifləməsidir”.
Loqoped vurğulayıb ki, kommunikasiya və nitq qüsurları fərqli anlayışlardır və yanaşma da buna uyğun qurulmalıdır:
“Kommunikasiya ayrı, nitq qüsurları isə ayrı sahədir. Elə uşaqlar var ki, ünsiyyətdə heç bir problem yoxdur, sadəcə nitq qüsuru mövcuddur. Amma bəzi hallarda uşaq ümumiyyətlə ünsiyyətə girmək istəmir və burada yanaşma tam fərqli olur”.
Mütəxəssis əlavə edib ki, belə hallarda təkcə loqopedin müdaxiləsi kifayət etmir:
“Əgər uşaqda sosial ünsiyyət problemi varsa, burada artıq multidisiplinar komanda işləməlidir. İlkin mərhələdə digər mütəxəssislər daha aktiv rol alır, loqopedin işi isə sonrakı mərhələlərdə ön plana keçir. Ümumilikdə autizmli uşaqlarda müxtəlif nitq qüsurları müşahidə olunsa da, əsas diqqət kommunikativ bacarıqların inkişafına yönəldilməlidir”.
Zeynəb Rzayeva
Bakı 




