• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

ABŞ-nin yeni kursu və Ukraynanın diplomatik manevrləri: reallıq nəyi göstərir?

DÜNYA

15 Aprel 2026 | 15:40

ABŞ-nin yeni kursu və Ukraynanın diplomatik manevrləri: reallıq nəyi göstərir?

Son günlər beynəlxalq gündəmin əsas mövzularından biri ABŞ-nin Ukraynaya silah tədarükünü dayandırması ilə bağlı yayılan açıqlamalar və bunun fonunda Ukrayna Prezidenti Volodimir Zelenskinin intensiv xarici səfərləridir. Bu proseslər təkcə Ukrayna müharibəsinin gedişinə deyil, həm də qlobal güc balansına təsir edən mühüm siqnallar kimi qiymətləndirilir.

Vaşinqtonun qərarı müxtəlif interpretasiyalara açıqdır və bunun arxasında həm daxili siyasi motivlər, həm də geosiyasi hesablamalar dayana bilər. Digər tərəfdən, Kiyevin diplomatik aktivliyi bu dəyişən şəraitdə öz mövqeyini qorumaq cəhdi kimi görünür.

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ-nin bu addımı ilk növbədə münaqişəni idarəolunan çərçivəyə salmaq niyyəti ilə izah oluna bilər. Vaşinqton artıq prosesin yalnız hərbi yollarla həllinin çətin olduğunu anlayır:

"Bu səbəbdən, tərəfləri müəyyən kompromisə yaxınlaşdırmaq üçün təzyiq alətlərindən istifadə edir. Silah tədarükünün dayandırılması Ukrayna üçün ciddi siqnaldır və bu, danışıqlara getmək üçün bir vasitə rolunu oynaya bilər".

Onun sözlərinə görə, digər tərəfdən, ABŞ daxilində artan maliyyə və siyasi təzyiqlər də bu qərarı şərtləndirir. Uzunmüddətli müharibə artıq Amerika ictimaiyyətində də suallar doğurmağa başlayıb.

Bu qərarın Ukraynanın cəbhədəki mövqeyinə hansı təsiri göstərəcəyinə gəlincə, müsahibimiz bildirib ki, silah tədarükünün azalması Ukraynanın hərbi imkanlarını müəyyən dərəcədə zəiflədə bilər. Xüsusilə texnoloji və uzaqmənzilli silah sistemləri baxımından ABŞ dəstəyi kritik rol oynayırdı. Dediyinə görə, bu dəstəyin məhdudlaşması cəbhədə müdafiə qabiliyyətinə təsir edə bilər. Eyni zamanda, bu vəziyyət Ukraynanı alternativ tərəfdaşlar axtarmağa məcbur edir. Avropa ölkələrinin rolu burada daha da ön plana çıxır. Lakin Avropanın ABŞ-ı tam əvəz etməsi real görünmür. Bu isə Ukraynanın strateji vəziyyətini daha mürəkkəb edir.

Züriyə Qarayeva: Silah tədarükünün azalması Ukraynanın hərbi imkanlarını müəyyən dərəcədə zəiflədə bilər

"Zelenskinin son dövrlərdə intensivləşən xarici səfərləri nə ilə bağlıdır" sualına cavab verən Qarayeva qeyd edib ki,
Zelenskinin səfərləri əsasən yaranan boşluğu doldurmağa yönəlib. O, ABŞ-nin mövqeyindəki dəyişiklik fonunda yeni dəstək kanalları axtarır. Bu səfərlər həm maddi, həm də siyasi dəstəyin qorunması məqsədi daşıyır.

Eyni zamanda, Ukraynanın beynəlxalq gündəmdə qalması üçün aktiv diplomatiya vacibdir. Zelenski Avropa liderlərini daha fəal mövqe tutmağa təşviq etməyə çalışır. Bu, həm də daxili auditoriyaya “təcrid olunmamışıq” mesajı vermək üçündür.

Politoloq hesab edir ki, bu diplomatik aktivlik ABŞ-nin qərarına müəyyən mənada təsir yarada bilər, lakin bu təsir məhduddur.: 

"ABŞ-nin qərarları əsasən öz milli maraqları və daxili siyasi dinamikası ilə müəyyən olunur. Diplomatik təzyiq və beynəlxalq həmrəylik müəyyən korrektələrə səbəb ola bilər. Lakin Vaşinqtonun strateji kursunu tam dəyişməsi üçün daha ciddi faktorlar tələb olunur. Zelenskinin fəaliyyəti daha çox Avropa və digər müttəfiqlər üzərində təsir yaratmağa yönəlib. Bu baxımdan, nəticə qismən müsbət ola bilər, amma həlledici deyil".

Zülfü Məmmədov


SON XƏBƏRLƏR