Uşaqlarda aktiv həyat tərzi onların həm fiziki, həm də psixoloji inkişafında mühüm rol oynayır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin aparıcı loqopedi Aygün Ələkbərova deyib.
Onun sözlərinə görə, aktiv həyat uşaqlarda disiplinin formalaşmasına və özünə inamın artmasına birbaşa təsir göstərir:
“Aktiv həyat uşaqlarda ilk növbədə disiplin yaradır, özünə xidməti gücləndirir və özünə inamı artırır. Uşaq qaydalı yaşadıqca onun bacarıqları da daha düzgün şəkildə inkişaf edir”.
A.Ələkbərova qeyd edib ki, sağlam inkişaf üçün əsas amillər yuxu, qidalanma və fiziki aktivlikdir:
“Aktiv həyat dedikdə düzgün yuxu rejimi, sağlam qidalanma və fiziki fəaliyyət nəzərdə tutulur. Bu vərdişlər erkən yaşdan formalaşdıqda insanın gələcək həyatında da müsbət nəticələr verir”.
Loqoped bildirib ki, uşağın aktivliyi yalnız hərəkət deyil, məqsədli inkişaf prosesi olmalıdır:
“Bəzən valideynlər uşağın çox aktiv olmasını sadəcə hərəkət kimi qəbul edirlər. Amma əslində məqsədli aktivlik uşağın diqqətini, yaddaşını, təfəkkürünü və təxəyyülünü inkişaf etdirir”.
Onun sözlərinə görə, düzgün rejim uşağın gələcək uğurlarının əsasını qoyur:
“Uşaq erkən yaşdan rejimə öyrəşməlidir. Yuxu saatı, qidalanma və gündəlik fəaliyyətlər düzgün planlanmalıdır. Yuxu xüsusilə vacibdir, çünki gün ərzində alınan informasiyanın beyində işlənməsi və yadda saxlanması üçün əsas rol oynayır”.
A.Ələkbərova əlavə edib ki, fiziki aktivlik və təmaslı oyunlar da inkişaf üçün önəmlidir:
“Uşaqların təmiz havada olması, təbiətlə və ətraf mühitlə təmasda olması sensor inkişaf üçün çox vacibdir. Əl ilə toxunma, oyunlar və hərəkətli fəaliyyətlər onların öyrənmə qabiliyyətini gücləndirir”.
Mütəxəssis vurğulayıb ki, valideyn sevgisi və düzgün yanaşma bütün prosesin əsasını təşkil edir:
“Ən vacibi valideynin uşağa düzgün sevgi və qayğı göstərməsidir. Disiplin təkcə qayda demək deyil, sevgi və balanslı yanaşma ilə birlikdə olmalıdır”.
Zeynəb Rzayeva
Bakı 




