• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

"Autizm diaqnozunu qəbul etmək prosesi çox çətindir"

CƏMİYYƏT

15 Aprel 2026 | 15:23

Autizm diaqnozunu qəbul etmək prosesi çox çətindir

Autizm diaqnozunun valideynlər tərəfindən qəbul edilməsi çətin və mərhələli bir prosesdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin aparıcı loqopedi Aygün Ələkbərova deyib.

Onun sözlərinə görə, bu mərhələdə psixoloji dəstək olduqca vacibdir:

“Bu, çox çətin prosesdir. Burada təkcə loqopedin deyil, psixoloqların da dəstəyi mütləq lazımdır. Onlar valideynə vəziyyəti izah edir, istiqamət verir və düzgün yanaşmanı formalaşdırmağa kömək edirlər”.

A.Ələkbərova bildirib ki, əsas mərhələ qəbul və düzgün yönləndirilmədir:

“Məsələ yalnız diaqnozu qəbul etmək deyil, onu anlayıb doğru addım atmaqdır. Valideyn məlumatlandırıldıqda artıq prosesi daha düzgün idarə edə bilir”.

Loqoped qeyd edib ki, bəzi valideynlər müxtəlif mütəxəssislərə müraciət edərək çarə axtarırlar:

“Bəli, belə valideynlər çoxdur. Uşağı üçün hər şeyi etməyə çalışan ailələr də var. Amma bəzən qeyri-peşəkar yanaşmalar və düzgün olmayan istiqamətləndirmə nəticəni gecikdirir və valideynin inamını azaldır”.

Onun sözlərinə görə, düzgün və vaxtında verilən məlumat prosesi asanlaşdırır:

“Valideynə vaxtında, düzgün və aydın məlumat verildikdə o, artıq hansı addımı atacağını bilir. Bu da həm ailə üçün, həm də uşaq üçün daha sağlam proses yaradır”.

Mütəxəssis əlavə edib ki, hər uşağın inkişaf yolu fərqlidir:

“Bəzi uşaqlarda proses daha sürətli gedir, bəzilərində isə daha uzun çəkir. Bu, uşağın potensialından və erkən müdaxilədən asılıdır. Nə qədər erkən və düzgün işlənilsə, nəticə də bir o qədər yaxşı olur”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR