"İtaliya–Azərbaycan münasibətləri Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ən önəmli tərəfdaşlıqlardan biri hesab olunur. Bunun əsas səbəbi iki ölkə arasında enerji əməkdaşlığının yüksək səviyyədə olmasıdır".
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi Cənub Qaz Dəhlizi layihəsi Adriatik dənizi vasitəsilə məhz İtaliyada tamamlanır ki, bu da ikitərəfli əlaqələrə xüsusi strateji əhəmiyyət qazandırır.
Həmsöhbətimiz bildirib ki, eyni zamanda, İtaliya Avropada kimya sənayesi üzrə ən inkişaf etmiş ölkələrdən biri kimi seçilir və bu sahədə də Azərbaycanla əməkdaşlıq mühüm yer tutur:
"Neft, neft məhsulları və kimya sənayesi istiqamətində qarşılıqlı əlaqələr genişlənməkdədir. Bundan əlavə, çoxsaylı İtaliya şirkətləri Azərbaycanda fəaliyyət göstərir və iki ölkə arasında sərmayə mühiti yüksək qiymətləndirilir".

Hikmət Babaoğlu, deputat
Deputat əlavə edib ki, İtaliyanın Baş naziri Ciorcia Meloninin Azərbaycana səfəri zamanı bu münasibətlərin daha da dərinləşdirilməsi məsələləri həm siyasi, həm də iqtisadi müstəvidə müzakirə olunub. Görüşlərdə xüsusilə təhlükəsizlik sahəsində əməkdaşlıq ön plana çıxıb.
"Hazırda hərbi sənaye və təhlükəsizlik məsələləri qlobal miqyasda böyük iqtisadi sahəni əhatə edir. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi isə İtaliya ilə Azərbaycan arasında yeni tərəfdaşlıq imkanları yaradır və münasibətlərin gələcəkdə daha böyük perspektivə malik olduğunu göstərir",- parlament üzvü fikrini belə yekunlaşdırıb.
Murad İsmayıl
Bakı 




