Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən “Avropa Siyasi Birliyi” (ASB) sammitində videobağlantı formatında iştirak etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Bəs bu cür addımlar sülh prosesinin sürətlənməsinə töhfə verə bilərmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Azad Məsiyev bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Prezidentinin irəli sürdüyü beş təməl prinsipdən ibarət sülh təşəbbüsü ölkənin sülhə sadiqliyinin bariz nümunəsi kimi qiymətləndirilir.
Onun sözlərinə görə, Azərbaycanın xarici siyasət doktrinasında qonşularla dinc yanaşı yaşamaq prinsipi əsas yer tutur və bu münasibətlərin beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənməsi prioritet istiqamət hesab olunur:
“Azərbaycan tərəfi dəfələrlə Ermənistana sülh sazişi ilə bağlı çağırışlar etsə də, hazırda nə Ermənistanın siyasi hakimiyyəti, nə də cəmiyyəti bu sazişə tam hazır görünür. Halbuki sülhün əsas prinsipi olan qarşılıqlı ərazi bütövlüyünün tanınması hər iki ölkənin rəhbərləri səviyyəsində artıq razılaşdırılıb”.
Politoloq qeyd edib ki, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəaların mövcudluğu sülh prosesini çətinləşdirir. Bu səbəbdən konstitusiyada dəyişikliklərin edilməsi və həmin dəyişikliklərin referendum yolu ilə təsdiqlənməsi vacib hesab olunur. Bu addımın Ermənistan cəmiyyətində sülh sazişinin qəbuluna və regionda dinc yanaşı yaşamaq prinsipinə dəstək verəcəyi vurğulanır.
Azad Məsiyev bildirib ki, Azərbaycan bütün bu çətinliklərə baxmayaraq sülh təşəbbüslərinə sadiqliyini davam etdirir. O xatırladıb ki, Ermənistan–Azərbaycan arasında nəqliyyat infrastrukturunun açılması ilə bağlı razılıq əldə olunmasına, o cümlədən 10 noyabr bəyanatının 9-cu bəndində nəzərdə tutulan Zəngəzur dəhlizinin açılmasına baxmayaraq, Ermənistan bu öhdəliyi hələ də yerinə yetirməyib.
“Azərbaycan Ermənistanın blokadadan çıxmasına dəstək məqsədilə humanitar və iqtisadi addımlar da atıb. Belə ki, yüklərin daşınmasına şərait yaradılıb, yük qatarlarının hərəkətinə icazə verilib, həmçinin Azərbaycanın yanacağının Ermənistana satılması sülhə yönəlmiş addım kimi qiymətləndirilir”, – deyə o qeyd edib.
.jpg)
Azad Məsiyev, politoloq
Bununla yanaşı, Ermənistanın bu təşəbbüslərə adekvat cavab vermədiyini vurğulayan ekspert bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbirinə Ermənistan dəvət olunsa da, rəsmi İrəvan iştirak etməyib.
O həmçinin qeyd edib ki, Azərbaycan Prezidenti Ermənistanda keçirilən beynəlxalq tədbirə onlayn formatda qoşularaq ölkənin mövqeyini bir daha ifadə edib. Onun çıxışı həm beynəlxalq müstəvidə, həm də regionda sülhün və sabitliyin təmininə yönəlmiş mesajlar kimi dəyərləndirilir.
Politoloqun sözlərinə görə, Azərbaycan müxtəlif beynəlxalq platformalarda mövqeyini açıq şəkildə ortaya qoysa da, Ermənistan tərəfi bu çağırışlara hələ də adekvat reaksiya vermir. O qeyd edib ki, Ermənistanda müəyyən siyasi qüvvələr “Böyük Ermənistan” ideyasından çıxış edərək Azərbaycana qarşı ərazi iddialarını davam etdirir və bu da sülh prosesinə mənfi təsir göstərir.
Ekspertin fikrincə, Ermənistan hakimiyyətinin konstitusiya dəyişikliyi ilə bağlı referendumu 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkilərindən sonraya saxlamaq niyyəti cəmiyyətin sülhə tam hazır olmaması ilə izah olunur.
Sonda o vurğulayıb ki, Cənubi Qafqazda sabitliyin təmin olunması Azərbaycan Prezidentinin həyata keçirdiyi xarici və daxili siyasətin məntiqi nəticəsidir. Azərbaycan həm qlobal güclərin, həm də region ölkələrinin maraqlarını uzlaşdırmağa çalışdığı halda, Ermənistanın bu maraqları toqquşduraraq gərginlik yaratdığı müşahidə olunur.
Zeynəb Rzayeva
Bakı 




