Meloninin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü Azərbaycan–İtaliya münasibətlərində növbəti mühüm mərhələ kimi qiymətləndirilir.
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, son illərdə dinamik şəkildə inkişaf edən ikitərəfli əlaqələr görüş zamanı müxtəlif sahələr üzrə geniş müzakirə olunub və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində razılaşmalar əldə edilib.
“Azərbaycan–İtaliya münasibətlərinin tarixi 1992-ci ildən başlayır. Həmin il İtaliya Azərbaycanın müstəqilliyini tanıyıb, daha sonra qarşılıqlı səfirliklər açılıb və yüksək səviyyəli səfərlər həyata keçirilib. Lakin qeyd olunduğu kimi, İtaliya Baş nazirinin Azərbaycana son səfəri 13 il əvvəl baş tutmuşdu. Bu baxımdan Meloninin səfəri münasibətlərin yeni inkişaf mərhələsi kimi dəyərləndirilir”, – deyə o bildirib.
Həmsöhbətimiz iqtisadi əməkdaşlığın xüsusilə diqqət çəkdiyini vurğulayıb. Onun sözlərinə görə, son illərdə Azərbaycan Dövlət Neft Şirkətinin İtaliya iqtisadiyyatına 3 milyard dollardan artıq sərmayə yatırdığı bildirilir. Hazırda 130-a yaxın İtaliya şirkəti Azərbaycanda fəaliyyət göstərir, onlardan 23-ü işğaldan azad olunmuş ərazilərdə müxtəlif layihələr həyata keçirir.

Arzuxan Əlizadə, deputat
“Enerji sahəsində əməkdaşlıq strateji xarakter daşıyır. Azərbaycan İtaliyanın əsas qaz və neft təchizatçılarından biridir. Son dövrlərdə ixrac olunan 25 milyard kubmetr qazın təxminən 9,5 milyard kubmetri İtaliya bazarına yönəlib. TAP layihəsinin genişləndirilməsi və gələcəkdə ixrac həcmlərinin artırılması da müzakirə mövzusu olub”, – deyə deputat əlavə edib.
O qeyd edib ki, təhsil və humanitar sahədə əməkdaşlıq da genişlənir. Azərbaycan–İtaliya Universitetinin fəaliyyəti bu əlaqələrin inkişafına mühüm töhfə verir və artıq yüzlərlə tələbə burada təhsil alır. Bu isə iki ölkə arasında humanitar bağların möhkəmlənməsinə xidmət edir.
“Siyasi münasibətlər də yüksək səviyyədədir və qarşılıqlı dəstək prinsipi üzərində qurulub. Bundan əlavə, bu ilin ikinci yarısında Bakıda Azərbaycan–İtaliya biznes forumunun keçirilməsi planlaşdırılır ki, bu da iqtisadi əlaqələrin daha da genişlənməsinə şərait yaradacaq. Eyni zamanda hərbi sənaye sahəsində əməkdaşlıq imkanları da müzakirə olunub. İtaliya texnologiyalarının Azərbaycanda tətbiqi və birgə istehsal layihələrinin həyata keçirilməsi perspektivləri nəzərdən keçirilib”, – A.Əlizadə bildirib.
Sonda Arzuxan Əlizadə vurğulayıb ki, bu səfər Azərbaycan–İtaliya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində daha da möhkəmləndiyini göstərir və bütün sahələr üzrə əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açır.
Murad İsmayıl
Bakı 




