Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 5-də paytaxt Aşqabadda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub.
Bakıvaxtı.az xəbər verir ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Böyük Saparmurat Türkmənbaşı adına Türkmənistan Dövlət Təsviri Sənət Muzeyində keçirilib.
Açılış mərasimində Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov, Adil Kərimli və Türkmənistan Dövlət Təsviri Sənət Muzeyinin direktoru İsmail Orazov çıxış edərək iki ölkə arasında mədəni əlaqələrin inkişafından danışıblar.
Qonaqlara məlumat verilib ki, sərgi Azərbaycanın zəngin mədəni irsini müxtəlif istiqamətlər üzrə təqdim edir. Ekspozisiyada Əzim Əzimzadənin yaradıcılığına həsr olunmuş “Əzim Əzimzadənin əsərlərində yaşayan milli irsimiz” sərgisi, Azərbaycan Milli Xalça Muzeyinin fondundan ənənəvi və müəllif xalçaları, eləcə də sənətkarlıq nümunələri nümayiş etdirilir.
Sərgidə Azərbaycan peşəkar qrafika sənətinin banilərindən sayılan Əzim Əzimzadənin əsərləri ilə yanaşı, həmin əsərlərdə əks olunan dövrün məişəti və mədəni mühiti muzey eksponatları vasitəsilə tamaşaçılara təqdim olunur.
Ekspozisiyada XIX əsrdən müasir dövrədək olan dövrü əhatə edən xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii metal nümunələri və tikmə sənəti əsərləri yer alıb. Sərgiyə həmçinin Xalq rəssamı Eldar Mikayılzadənin əl işləri xüsusi rəng qatır.
Tədbirdə mərhum sənətkar Xalidə Nəsirova tərəfindən hazırlanmış qurama nümunələri də nümayiş olunur. Bu əsərlər türk dünyagörüşünün və xalq yaradıcılığının parlaq ifadəsi kimi təqdim edilir.
Sərgi çərçivəsində Şəkidən olan sənətkar Hüseyn Hacımustafazadə şəbəkə sənətinin incəliklərini “ustad dərsi” formatında nümayiş etdirir. Zərgərlik sənətinin ənənələri isə sənətkar Füzuli Əlizadə tərəfindən təqdim olunur.
Bundan başqa, tanınmış modelyer Gülnarə Xəlilova və gənc modelyer Anara Zakirlinin “Müasir modada milli naxışlar” adlı geyim kolleksiyası da ziyarətçilərə təqdim edilir.
Azərbaycanın milli-mədəni irsinin müxtəlif istiqamətlərini özündə birləşdirən sərgi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Tədbir Azərbaycan və Türkmənistan arasında mədəni-humanitar əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Bakı 








