Taylandda güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 52-yə çatıb. Təbii fəlakət ölkənin şimal, mərkəzi və şərq əyalətlərində təxminən 3,2 milyon insana təsir edib.
Bakıvaxtı.az xəbər verir ki, hazırda 27 əyalətdə daşqın vəziyyəti davam edir. Ən ağır vəziyyət Praçinburi, Samut Prakan və Suphanburi əyalətlərindədir.
Ölənlərin 19-u Praçinburidə, 9-u Samut Prakanda, 5-i isə Suphanburidə qeydə alınıb.
Fəlakətlərin Qarşısının Alınması və İdarə Edilməsi Departamenti bildirib ki, güclü yağışlarla yanaşı, şimaldan gələn suların ölkənin mərkəzindəki su kütlələri ilə birləşməsi daşqınların miqyasını artırıb.
Hakimiyyət orqanları suyun çəkilməsi və əhaliyə yardım göstərilməsi üçün əlavə texnika və canlı qüvvə cəlb edib.
Tayland Meteorologiya Bürosu isə 9–13 oktyabr tarixlərində güclü yağış, ildırım və külək gözlənildiyini açıqlayıb. Hakimiyyət orqanlarına növbəti yağış dalğasına hazır olmaq və xilasetmə işlərini nəzarətdə saxlamaq tapşırılıb.
Murad İsmayıl
















