Tailand hakimiyyəti qeyri-sabit qlobal neft qiymətləri fonunda kəsiri 3 milyard dollara yaxınlaşan Dövlət Yanacaq Fondunu dəstəkləmək üçün kreditlərin cəlb edilməsi imkanını nəzərdən keçirir.
Bakıvaxtı.az "Bangkok Post" qəzetinə istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, hazırda fondun kəsiri təxminən 98 milyard bat (2,9 milyard dollar) təşkil edir. Bununla yanaşı, yanacağın subsidiyalaşdırılmasına çəkilən gündəlik xərclər 316 milyon bata (9,4 milyon dollar) çatır.
Bu məbləğin 289 milyon batı (8,6 milyon dollar) neft məhsullarının qiymətlərinin dəstəklənməsinə, 27 milyon batı (803 min dollar) isə mayeləşdirilmiş neft qazına yönəldilir.
Nazirlik nümayəndəsi qeyd edib ki, indiki xərclər subsidiyaların həcminin sutkada 1-2 milyard bata çatdığı əvvəlki enerji böhranlarının göstəricilərindən xeyli aşağıdır.
Hakimiyyət kreditlərin cəlb edilməsini dünya neft bazarında vəziyyətin daha da pisləşəcəyi təqdirdə görüləcək son tədbir kimi nəzərdən keçirir. Həmçinin yanacaq vergilərinə düzəlişlərin edilməsi imkanı da müzakirə olunur.
















