Mediada Bakıda sevgilisi ilə birlikdə həyat yoldaşını döyən tanınmış həkim-onkoloq İbrahim Əsədlinin çalışdığı “Loğmed” klinikasından işdən çıxarılması ilə bağlı məlumat yayılıb.
Bakıvaxtı.az-a məlumatı dəqiqləşdirmək üçün İbrahim Əsədli ilə əlaqə saxlayıb.
Zəngimizə cavab verən həkimin köməkçisi məlumatı Bakıvaxtı.az-a təsdiqləyib.
Onun sözlərinə görə, İbrahim Əsədli işdən çıxarılsa da, bunun sözügedən qalmaqalla heç bir əlaqəsi olmayıb:
“Sadəcə onun “Loğmed” klinikası ilə bağladığı iş müqaviləsinin müddəti bitib. O, müqavilənin müddətini uzatmaq istəməyib. İbrahim Əsədli artıq fəaliyyətini fərdi şəkildə davam edirəcək”.
Xatırladaq ki, İbrahim Əsədli bir müddət əvvəl iş yerində Aynur adlı sevgilisi ilə birlikdə həyat yoldaşı Aynur Əsədlini döyməkdə ittiham olunurdu. İddia olunur ki, fevralın 27-də İ.Əsədli sevgilisi ilə iş otağında olarkən həyat yoldaşı həkimin otağına gəlib. Bu vaxt onların arasında mübahisə yaranıb.
Mübahisə “Loğmed” klinikasının həyətində də davam edib. Nəticədə Əsədli qeyri-rəsmi münasibətdə olduğu qadınla birlikdə həyat yoldaşına qarşı şiddət göstərib.
Zərərçəkmiş Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə ərizə ilə müraciət edib.
Artıq iş üzrə ekspertiza təyin olunub.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan, İ. Əsədlinin həyat yoldaşı Aynur Əsədli də həkimdir.
Günəş Mərd
















