• Bakı 15° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Malaxovun 350 milyonluq sərvəti üzə çıxdı

DÜNYA

04 Oktyabr 2026 | 16:50 | Müəllif: Zeynəb Rzayeva

Malaxovun 350 milyonluq sərvəti üzə çıxdı

Rusiyanın ən məşhur televiziya aparıcılarından Andrey Malaxovun əyləncə proqramlarını tədricən Ukraynadakı müharibənin təbliğatı vasitəsinə çevirdiyi, bunun fonunda isə böyük sərvət topladığı bildirilir. Araşdırmaya görə, teleaparıcının təkcə bank hesablarında 350 milyon rubldan artıq vəsait var.

Bakıvaxtı.az xarici agentliklərə istinadən xəbər verir ki, müəlliflər Malaxovun son illərdəki televiziya fəaliyyətini təhlil edərək Kremlin müharibə təbliğatında yeni taktikanın tətbiq olunduğunu bildirirlər.

Araşdırmada qeyd olunur ki, əvvəllər özünü siyasətdən kənar göstərən və sülh tərəfdarı mövqeyi ilə çıxış edən Malaxov son illərdə efir proqramlarının istiqamətini ciddi şəkildə dəyişib.

İndi onun verilişlərində Ukraynaya qarşı müharibənin iştirakçılarına bütöv buraxılışlar həsr edilir, hərbçilərin hekayələri əyləncə və ailə şousu formatında təqdim olunur.

Araşdırma müəllifləri bunu “müharibənin ailə şousuna çevrilməsi” adlandırırlar.

Məsələn, Malaxov efirdə Marqarita Simonyanın kitabını tərifləyib, müğənni SHAMAN-la bağlı Vanqanın proqnozlarını müzakirə edib, Rusiya hərbçilərinə və onların ailələrinə həsr edilmiş proqramlar hazırlayıb.

Mənbənin fikrincə, bununla müharibə klassik sərt siyasi təbliğat formatından çıxarılaraq gündəlik həyat, ailə münasibətləri, mistika və əyləncə ilə qarışdırılır. Hərbi əməliyyatlarla bağlı hadisələr bəzi proqramlarda hətta “macəra” üslubunda təqdim edilir.

Araşdırmada Malaxovun siyasi ritorikasındakı dəyişiklik də xatırladılır. Müəlliflərin yazdığına görə, teleaparıcı vaxtilə Vladimir Putini parodiya edib və özünü “siyasətdən kənar” şəxs kimi təqdim edib. İndi isə onun proqramlarında Putin və Rusiya hakimiyyətinin siyasətini müsbət təqdim edən materiallara geniş yer ayrılır.

Malaxov sonradan Rusiya dövlətinin ordenlərindən biri ilə də təltif olunub.

Lakin araşdırmanın ən diqqətçəkən hissələrindən biri teleaparıcının maliyyə vəziyyəti ilə bağlıdır.

“Mojem obyəsnit” layihəsinin məlumatına görə, Malaxovun Rusiya banklarındakı depozitlərində 350 milyon rubldan artıq pul saxlanılır.

Bundan başqa, onun Moskvanın ən bahalı rayonlarında bir neçə mənzilinin və sanatoriyalardan birində biznes payının olduğu bildirilir.

Araşdırmaya görə, Malaxovun aylıq əməkhaqqı isə 2 milyon rubla qədər çatır.

Müəlliflər burada xüsusi kontrasta diqqət çəkirlər: Malaxov efirdə müharibə iştirakçılarının və onların ailələrinin ağır həyat hekayələrini nümayiş etdirdiyi vaxt özü yüz milyonlarla rublluq sərvətə sahibdir.

Araşdırmada bu dəyişiklik Kremlin təbliğat strategiyasının daha geniş transformasiyası ilə əlaqələndirilir.

Mənbənin versiyasına görə, Rusiya cəmiyyətində müharibə ilə bağlı yorğunluq və sülh danışıqlarına tələbat artdıqca sərt siyasi təbliğatın effektivliyi də azalır. Buna görə müharibənin təbliğində Vladimir Solovyov və Marqarita Simonyan kimi aqressiv siyasi şərhçilərlə yanaşı, tamaşaçıya daha çox əyləncə və məişət proqramlarından tanış olan simalardan istifadə edilməyə başlanıb.

Sosioloq İqor Eydman da araşdırmada bu yanaşmanı Kremlin təbliğat taktikasının dəyişməsi kimi qiymətləndirir.

Beləliklə, layihənin müəlliflərinin qənaətinə görə, əvvəllər qalmaqallı ailə münasibətləri, məşhurların şəxsi həyatı və məişət problemləri üzərində qurulan televiziya şousunun aparıcısı olan Andrey Malaxov indi eyni əyləncə formatından müharibəni tamaşaçıya daha yumşaq şəkildə təqdim etmək üçün istifadə edən əsas televiziya simalarından birinə çevrilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026