Bakıda "Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına" adlı konfrans keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, Mərkəzi Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) tərəfindən təşkil olunan tədbir Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikasından (ŞKTR) gələn qonaqları, eləcə də Türk dövlətlərinin Azərbaycandakı səfirliklərinin nümayəndələrini, parlament üzvlərini, QHT rəhbərlərini, media nümayəndələrini, ziyalıları və türk dünyasının müxtəlif bölgələrindən olan iştirakçıları bir araya gətirib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il qrant müsabiqəsinin qalibi olan eyniadlı layihə çərçivəsində keçirilən tədbirin əsas məqsədi Türk dünyasının ortaq tarixi və mədəni dəyərləri, Şuşa Bəyannaməsinin yaratdığı strateji əməkdaşlıq mühiti və Türk Dövlətləri Təşkilatının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmaq olub.
Publisist, şair Əkbər Qoşalı iştirakçıları salamlayaraq, onları 3 Oktyabr – Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə təbrik edib.
Onun sğzlərinə görə, bu əlamətdar gündə Türk dünyası haqqında fikir mübadiləsi aparmaq, qonaqların dəyərli düşüncələrini dinləmək və ortaq hədəfləri müzakirə etmək xüsusi əhəmiyyət daşıyır.
Əkbər Qoşalı konfransın, xüsusilə gənclər üçün əhəmiyyətini vurğulayaraq, tədbirdə səsləndiriləcək fikirlərin və müzakirələrin gələcəkdə sosial media platformaları vasitəsilə daha geniş auditoriyaya çatdırılacağını qeyd edib.
CASCFEN sədri Nadir Azəri konfransın 3 oktyabr tarixində keçirilməsinin xüsusi əhəmiyyətini qeyd edərək, bu tarixin "Türk Dövlətlərinin Əməkdaşlıq Günü" kimi qeyd olunduğunu xatırladıb. O, həmçinin 3 oktyabr tarixində baş vermiş və Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan digər bir hadisəyə - Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ildə keçirilən görüş zamanı səsləndirdiyi "Qarabağ Azərbaycandır" bəyanatına toxunub. Nadir Azəri Azərbaycan ordusunun 2020-ci ildə qazandığı qələbəni, şəhidlərin qəhrəmanlığını və İkinci Qarabağ müharibəsinin tarixi nəticələrini xüsusi vurğulayıb.
Gəncliyə Yardım Fondunun prezidenti Salih Zeki Meriç fondun fəaliyyəti barədə məlumat verib, tədbirə ev sahibliyi etməkdən məmnunluğunu ifadə edib və Türk dünyasının müxtəlif ölkələrindən olan nümayəndələrin bir araya gəlməsinin əhəmiyyətini vurğulayıb.
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Vətəndaş Cəmiyyəti Təşkilatları Platformasının Baş katibi və Azərbaycan Milli Məclisinin üzvü Azər Allahveranov türk dünyasında vətəndaş cəmiyyəti təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
ŞKTR-in Azərbaycandakı nümayəndəsi, səfir Ufuk Turqaner də türk dünyasında əlaqələrin inkişafında bu cür platformaların rolunu vurğulayıb ŞKTR-nin Bayraq Radio və Televiziya Korporasiyasının direktoru Məryəm Özkurt bildirib ki, ortaq tarix, mədəniyyət və dil türk dünyasını birləşdirən təməl amillərdir. Özkurt Şuşa Bəyannaməsinin Azərbaycan-Türkiyə strateji tərəfdaşlığını daha yüksək səviyyəyə qaldırdığını və Türk Dövlətləri Təşkilatının (TDT) türk dünyası daxilində əməkdaşlığın institusional əsaslarını gücləndirdiyini bildirib.
Deputat Elçin Mirzəbəyli TDT-nin inkişaf edən bir əməkdaşlıq platforması kimi əhəmiyyətini önə çəkib. Azərbaycan parlameninin üzvü türk dövlətləri arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi zərurətini vurğulayıb.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi general Yücel Karauz da türk dünyasının gələcək birliyi üçün müdafiə və hərbi əməkdaşlığın əhəmiyyətinə toxunaraq, təhlükəsizlik və müdafiə sektorlarında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacib olduğunu bildirib.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Türk Dövlətləri Təşkilatının regionda və dünyada artan əhəmiyyətindən, Azərbaycan ilə türk dövlətləri arasında əlaqələrin inkişafından danışıb.
Onun sözlərinə görə, tədbirdə səsləndirilən fikirlər yalnız bugünkü nəsil üçün deyil, gələcək nəsillər üçün də örnək əhəmiyyəti daşıyır. Depua qeyd edib ki, Qarabağ zəfəri və Türk Dövlətləri Təşkilatının fəaliyyəti region və dünya üçün mühüm hadisələrdəndir.
Konfransın sonunda "Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına" adlı incəsənət müsabiqəsinin finalçılarına və fərqlənən iştirakçılarına mükafatlar təqdim olunbu. Mükafatlar türk dünyasının ortaq dəyərlərini və Turan konsepsiyasını əks etdirən işlər arasından seçilmiş 21 finalçıya verilib.
Nərgiz Məmmədli
















