Azərbaycan millisinin futbolçuları Litva ilə matçda bacardıqlarından daha yaxşı oynayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov Litva millisi ilə oyundan (1:0) sonra deyib.
45 yaşlı mütəxəssis UEFA Millətlər Liqası çərçivəsində baş tutan D Liqasının 2-ci qrupunun oyunu haqqında fikirlərini bölüşüb:
"Bilirdik ki, komanda çox yorulacaq. Əsas odur, istədiyimizə nail olduq. Lixtenşteynlə oyundan sonra narahatlıqlarım vardı. Sevinirəm ki, üç gün ərzində komanda toparlandı. Futbolçular performanslarından daha yaxşı oynadılar. Qarşıda bir yoldaşlıq, bir rəsmi matç var. İnanıram ki, bu oyunlardan qələbə ilə ayrılacağıq".
A.Abbasov hakim idarəçiliyinin ədalətli olduğunu deyib:
"Hakimliklə bağlı hər şey ortadadır. Ədalətli idarəçilik oldu. Hakim tempi yüksək saxladı. Rəqib baş məşqçinin narazılığını başa düşürəm. O da nəsə deməlidir".
















