Milli Məclisin sədri Sahibə Qafarova Sudanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa ilə görüşüb.
Bu barədə Bakıvaxtı.az-a Milli Məclisdən məlumat verilib.
Qeyd olunub ki, görüşdə gələn il iki ölkə arasındakı diplomatik əlaqələrin qurulmasının 35-ci ildönümünün tamam olacağı qeyd olunaraq, bu gün münasibətlərin inkişafı üçün imkanların mövcud olduğu bildirilib.
Sudan Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhanın 2019 və 2024-cü illərdə ölkəmizə səfərlər etdiyi, ötən il isə Antalya Diplomatik Forumu çərçivəsində ölkə başçıları arasında görüş keçirildiyi vurğulanıb.
Bu təmaslar zamanı münasibətlərin inkişafı üzrə istiqamətlərin müəyyən olunduğu bildirilib.
Söhbət zamanı spiker Sahibə Qafarova Azərbaycanla Sudanın Birləşmiş Millətlər Təşkilatında (BMT), İslam Əməkdaşlıq Təşkilatında (İƏT), Qoşulmama Hərəkatında və digər beynəlxalq təşkilatlarda iki ölkənin uğurla əməkdaşlıq etdiyini və daim bir-birini dəstəklədiyini söyləyib.
O, Milli Məclisin də gələcəkdə Sudan parlamenti ilə beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq etməkdə maraqlı olduğunu deyib.
Səfir Ənəs Eltayeb Elqaylani Azərbaycan Milli Məclisinin fəaliyyətini yaxından izlədiyini, ölkəsinin Azərbaycanın beynəlxalq parlamentlərarası dialoq və əməkdaşlığın inkişaf etdirilməsində öncül rolunu yüksək qiymətləndirdiyini vurğulayıb.
Görüşdə humanitar sahədə də mövcud əlaqələr nəzərdən keçirilib, sudanlı tələbələrə Azərbaycan tərəfindən təhsil təqaüdünün ayrılmasına görə minnətdarlıq ifadə olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Bakı 







