Almaniyanın xarici işlər naziri Yohan Vadeful bazar ertəsi günü BMT-ni İranla bağlı münaqişənin həllində və Hörmüz boğazının yenidən açılmasında daha fəal rol oynamağa çağıraraq, vəziyyətin qlobal iqtisadiyyata təsir etdiyi barədə xəbərdarlıq edib.
Bakıvaxtı.az xəbər verir ki, alman nazir BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün Nyu-Yorka yola düşməzdən əvvəl bildirib: “Sülh və təhlükəsizliklə bağlı təcili məsələləri həll etmək üçün Birləşmiş Millətlər Təşkilatı müasir münaqişə diplomatiyasının əsas dayağına çevrilməlidir”.
O, Təhlükəsizlik Şurasının bir neçə üzvünü qərarların qəbul edilməsinə mane olduqlarına görə tənqid edib və beynəlxalq ictimaiyyətin eyni vaxtda bir neçə böyük münaqişə ilə üzləşdiyi şəraitdə dünyanın belə bir maneəyə dözə bilməyəcəyini deyib.
Almaniya diplomatiyasının rəhbəri xəbərdarlıq edib ki, İranın Hörmüz boğazını blokadaya alması qlobal iqtisadiyyata, xüsusən də yoxsul ölkələrə ciddi təsir göstərir və dünyanın ərzaq təchizatını böyük risk altına qoyur. “Buna görə də bu gün Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasını öz vəzifələrini yerinə yetirməyə çağıracağam. Əgər BMT Təhlükəsizlik Şurası indi məsuliyyəti öz üzərinə götürərsə, bu, beynəlxalq nizamı da gücləndirəcək”, -deyə o əlavə edib.
Vadeful Nyu-Yorka səfəri zamanı nüvə silahlarının yayılması ilə bağlı artan narahatlıqlar fonunda Nüvə Silahlarının Yayılmaması Müqaviləsi ətrafında danışıqlarda da iştirak edəcəyini bildirib. “Biz Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin universal tətbiqini təmin etmək istəyirik, baxmayaraq ki, bu, getdikcə çətinləşir”, - deyə o vurğulayıb.
Bakı 




