q
  • Bakı 14° C

    1.29 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.2641

Ermənistanda seçkiöncəsi “müharibə qorxusu” siyasi alətə çevrilir

SİYASƏT

06 May 2026 | 17:18

Ermənistanda seçkiöncəsi “müharibə qorxusu” siyasi alətə çevrilir

Ermənistanda parlament seçkilərinə az vaxt qalır. Vaxt daraldıqca daxili siyasi mübarizə də daha sərt və emosional mərhələyə keçir.

Hakim komandadan olan deputat Qagik Melkonyanın Robert Köçəryan, Samvel Karapetyan və Qagik Sarukyan kimi fiqurların hakimiyyətə gələcəyi halda regionda yenidən müharibə riskinin yarana biləcəyi barədə açıqlamaları əslində seçkiöncəsi atmosferin hansı istiqamətə getdiyini açıq göstərir. Bu bəyanatlar artıq adi siyasi tənqid çərçivəsini keçir və Ermənistan cəmiyyətində təhlükəsizlik qorxusunun yenidən əsas gündəmə çevrildiyini göstərir.

Xüsusilə Qarabağ müharibəsindən sonra yaranmış psixoloji travma və təhlükəsizlik boşluğu hakimiyyətin də, müxalifətin də istifadə etdiyi əsas mövzulardan birinə çevrilib. İrəvanda hazırda əsas mübarizə təkcə hakimiyyət uğrunda yox, ölkənin gələcək geosiyasi istiqaməti uğrunda gedir.

Paşinyan komandası cəmiyyətə belə bir mesaj verməyə çalışır ki, köhnə siyasi qüvvələrin geri dönüşü Ermənistanı yenidən regional qarşıdurma və Moskvanın sərt təsir dairəsinə qaytara bilər. Bu yanaşmanın əsas məqsədi seçicidə “alternativ təhlükəlidir” düşüncəsi formalaşdırmaqdır. Çünki hakimiyyət sosial və iqtisadi problemləri tam həll edə bilmədiyi şəraitdə təhlükəsizlik mövzusunu əsas siyasi müdafiə xəttinə çevirir. Maraqlıdır ki, bu ritorika bir növ “idarə olunan qorxu siyasəti” təsiri bağışlayır. Yəni seçiciyə sabitliklə risk arasında seçim təqdim edilir. Bu, postsovet məkanında tez-tez istifadə olunan klassik siyasi texnologiyalardan biridir və Ermənistan daxilində də getdikcə daha açıq görünməyə başlayıb.

Digər tərəfdən müxalif düşərgə də tam fərqli və sakit gündəm təqdim etmir. Köçəryan və ona yaxın siyasi qüvvələr daha çox “Qərb Ermənistanı qoruya bilməz” xətti üzərindən çıxış edir və təhlükəsizlik məsələsində Rusiyanın rolunu qabardırlar. Beləliklə, ölkədə qəribə siyasi mənzərə yaranıb. Hakimiyyət Rusiyaya yaxın qüvvələrin qayıdışını təhlükə kimi göstərir, müxalifət isə Rusiyadan uzaqlaşmanın təhlükəli olduğunu iddia edir. Nəticədə Ermənistan cəmiyyəti real inkişaf proqramları, iqtisadi strategiyalar və institusional islahatlar ətrafında yox, qorxu və geosiyasi seçim dilemması ətrafında seçim etməyə məcbur qalır. Bu isə daxili siyasi mühitin daha da radikallaşmasına səbəb olur.

Müharibə ehtimalına gəlincə, burada emosional bəyanatlardan çox regional maraqların necə toqquşacağına baxmaq lazımdır. Rusiya regionda təsir imkanlarını qorumağa çalışsa da, Moskvanın Ermənistan uğrunda Azərbaycanla açıq və böyükmiqyaslı qarşıdurmaya getməsi real görünmür. Kreml üçün əsas prioritet regionda tam nəzarəti itirməməkdir. Bu isə bəzən gərginliyi artırmaqla, bəzən isə diplomatik balans yaratmaqla həyata keçirilir. Ermənistanın əsas problemi də məhz burada ortaya çıxır. Ölkə nə Rusiyadan tam uzaqlaşa bilir, nə də Qərbdən real təhlükəsizlik təminatı ala bilir. Bu qeyri müəyyənlik fonunda isə seçki kampaniyası getdikcə daha çox geosiyasi qorxu yarışına çevrilir.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR