• Bakı 10° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

Dünyanın ən çətin hərbi kursunu birinciliklə bitirən ilk azərbaycanlı - FOTO

CƏMİYYƏT

02 Aprel 2026 | 00:40

Dünyanın ən çətin hərbi kursunu birinciliklə bitirən ilk azərbaycanlı - FOTO

Azərbaycanda xüsusi təyinatlı hazırlığın ən çətin mərhələlərindən olan ABŞ-ın məşhur “Ranger” kursunu bitirən ilk azərbaycanlı zabit aprel döyüşləri şəhidi, polkovnik-leytenant Murad Mirzəyev olub.

Bakıvaxtı.az xəbər verir ki, onun peşə fəaliyyəti, hərbi uğurları və döyüş yolunda göstərdiyi qəhrəmanlıq Azərbaycan Ordusunun xüsusi təyinatlılar tarixində xüsusi yer tutur.

Murad Mirzəyev 1976-cı ildə anadan olub. Gənc yaşlarından hərbi xidmətə böyük maraq göstərib və Türkiyədə Quru Hərbi Məktəbəni bitirdikdən sonra karyerasını Ordu sıralarında davam etdirib. Xüsusi təyinatlı bölmələrdə xidmət etdiyi müddətdə yüksək hazırlığı, dəqiq qərarvermə bacarığı və şəxsi nümunəsi ilə seçilib.

Onun ən böyük uğurlarından biri ABŞ-də keçirilən və dünyanın ən çətin hərbi kurslarından sayılan “Ranger” hazırlığını müvəffəqiyyətlə başa vurması olub.

Bununla o, Azərbaycan Silahlı Qüvvələrinin tarixində bu kursu bitirən ilk zabit kimi adını yazdırıb.

Bu nailiyyət Mirzəyevin həm fiziki dözümlülüyünün, həm də taktiki düşüncə qabiliyyətinin göstəricisi idi və ona xüsusi təyinatlı bölmələrdə daha məsul və çətin tapşırıqların həvalə edilməsinə yol açıb.

2016-cı ilin aprelində cəbhə xəttində baş verən genişmiqyaslı döyüşlər zamanı polkovnik-leytenant Murad Mirzəyev ən ön cəbhədə, ən çətin istiqamətlərdən birində xidmət edib. O, Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə göstərdiyi şücaət və döyüşçülərinə verdiyi ruh yüksəkliyi ilə seçilib.

Murad Mirzəyev döyüş tapşırığının icrası zamanı qəhrəmancasına şəhid olub. Onun ölümü Azərbaycan hərbisi üçün böyük itki olsa da, göstərdiyi rəşadət orduda minlərlə gənc zabit və əsgərə nümunə kimi xatırlanır.

Şəhid polkovnik-leytenant Murad Mirzəyev Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Qızıl ulduz" medalı və digər dövlət təltifləri ilə mükafatlandırılıb. Onun adı Azərbaycanda xüsusi təyinatlıların rəmzlərindən birinə çevrilib, bir çox gənclər hərbi karyeraya başlayarkən Mirzəyevin döyüş yolunu nümunə götürür.

Murad Mirzəyev həm peşəkar hərbçi, həm də vətənə sədaqətli zabit kimi yaddaşlarda qalır. O, Azərbaycan Ordusunun inkişafında, xüsusi təyinatlıların formalaşmasında və aprel döyüşləri tarixində silinməz iz buraxan şəhidlərimizdən biridir.

Murad İsmayıl


SON XƏBƏRLƏR

01 Aprel 2026