“Süni intellektin yüksəlişi təhsilin insanların imkanlarına diqqətini azaltmamalı, əksinə, daha da artırmalıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu PISA testlərinin yaradıcısı, OECD-nin Təhsil və bacarıqlar departamentinin direktoru Andreas Şleyxer “Təhsildə Yeni Çağırışlar” VII Beynəlxalq Forumunda çıxışı zamanı deyib.
Andreas Şleyxer bildirib ki, süni intellekt hazır cavablara çatmaq üçün qısa yol kimi deyil, pedaqoji məqsədlərlə istifadə olunan və öyrənməni gücləndirən bir vasitə kimi nəzərdən keçirilməlidir.
O qeyd edib ki, süni intellekt insanın fəaliyyət imkanlarını aradan qaldıran bir qüvvə kimi qəbul edilməməlidir. Əksinə, bu texnologiya insanların gələcəyə hazırlığını və imkanlarını gücləndirməlidir.
Onun sözlərinə görə, süni intellekt təhsilin insanın mürəkkəb situasiyalarda istiqamət tapmaq, sosial əlaqələri qorumaq, mürəkkəb münasibətlər qurmaq və yeni, orijinal nəsə yaratmaq kimi bacarıqlarına diqqətini artırmalıdır.
Andreas Şleyxer vurğulayıb ki, məhz bu insan bacarıqları cəmiyyətlərin və iqtisadiyyatların qurulmasının əsasını təşkil edir.
Zeynəb Rzayeva
















