Bəzən bir ölkəyə qarşı düşmən münasibəti açıq şəkildə görmək asandır. Bayraq bəllidir, şüar bəllidir, məqsəd bəllidir. Daha təhlükəli olan isə qardaş bildiyin ölkənin içindən gələn və özünü “tənqid”, “azad fikir”, “jurnalistika” adı altında təqdim edən qaragüruhdur.
Son günlər Türkiyənin bəzi media və sosial media dairələrində Azərbaycana münasibətdə ortaya çıxan yanaşmalar məhz bu baxımdan düşündürücüdür.
Əvvəlcə bir məsələni dəqiqləşdirək:Türkiyə bizim üçün adi xarici dövlət deyil. Azərbaycan-Türkiyə münasibətləri diplomatik protokoldan, prezidentlərin görüşlərindən və imzalanan sənədlərdən qat-qat böyükdür. Bu münasibətin arxasında tarix var, şəhid qanı var, Qarabağ var, 44 günlük müharibə var, sevincimizə sevinən, dərdimizə ağlayan milyonlarla insan var.
Ona görə də Türkiyədə kiminsə Azərbaycan Prezidentinin sözlərini kontekstdən çıxarıb Türkiyəyə qarşı mesaj kimi təqdim etməsi sadəcə jurnalistikanın keyfiyyəti məsələsi deyil. Burada daha böyük məsələ ortaya çıxır: informasiya ilə siyasi manipulyasiya arasındakı sərhəd haradadır?
Maraqlıdır ki, son günlər yayılan bəzi materiallarda Azərbaycanın konkret olaraq Türkiyəni hədəf aldığı görüntüsü yaradılır.
Niyə Türkiyə?
Niyə Azərbaycanın hər sərt siyasi mesajının arxasında Ankara axtarılır?
Niyə iki dövlət arasında problem yaratmağa ən həvəsli olanlar məhz “qardaşlıq” sözünü ən çox işlədənlər olur?
Burada artıq jurnalistikanın sərhədindən çıxıb siyasi yanaşma məsələsinə gəlib çatırıq.
Məncə, əsas problem tənqiddə deyil.
Türkiyə mediası Azərbaycanda baş verənlərə münasibət bildirə bilər. Azərbaycan mediası da Türkiyədəki hansısa qərarı müzakirə edə bilər. Demokratik cəmiyyətlərdə bunun adı düşmənçilik deyil.
Amma faktı kontekstdən qoparıb nəticəni əvvəlcədən müəyyənləşdirmək başqa şeydir.
Tənqid başqa, qarayaxma başqa.
Sual vermək başqa, ittihamı fakt kimi təqdim etmək başqa.
Müzakirə başqa, iki qardaş xalqın arasına şübhə salmaq tamam başqa.
Azərbaycanın Türkiyəyə münasibətini isə bir neçə başlıqla dəyişmək mümkün deyil.
İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstəyi Azərbaycan xalqı unutmayıb. Eyni zamanda, Azərbaycan da Türkiyənin çətin günlərində öz mövqeyini dəfələrlə ortaya qoyub. Bu münasibətin mahiyyəti prezidentlərin şəxsi münasibətlərindən də böyükdür. Rəsmi Ankara və Bakı son illərdə “Bir millət, iki dövlət” prinsipini dövlət siyasətinin əsas xəttinə çevirib. Türkiyənin rəsmi Dezinformasiya ilə Mübarizə Mərkəzi də bu ilin martında Azərbaycan-Türkiyə münasibətlərinə qarşı təxribat və dezinformasiya xarakterli paylaşımlara diqqət çəkərək iki ölkə arasındakı əlaqələrin tarixi və ortaq dəyərlərə söykəndiyini bildirmişdi.
Deməli, məsələ təkcə bugünkü bir yazı deyil.
Məsələ informasiya müharibəsinin qardaş ölkələrin münasibətlərinə qədər gəlib çatmasıdır.
Və burada bir həqiqəti unutmaq olmaz:
Türk xalqı ilə Azərbaycan xalqını media başlıqları ayıra bilməz.
Ankarada hansısa redaktorun yazdığı başlıq Bakıda milyonlarla insanın Türkiyəyə olan münasibətini dəyişmir. Eyni şəkildə Bakıda kiminsə Türkiyə haqqında məsuliyyətsiz yazısı da bütün Türkiyə xalqına şamil edilə bilməz.
Çünki dövlət başqa şeydir, xalq başqa.
Türkiyə başqa şeydir, Türkiyədəki ayrı-ayrı media qrupları tamam başqa.
Mənim üçün ən təhlükəli məqam da budur: ayrı-ayrı şəxslərin və media dairələrinin mövqeyini bütün Türkiyənin mövqeyi kimi təqdim etmək.
Bu, həm Azərbaycana, həm də Türkiyəyə qarşı ədalətsizlikdir.
Çünki Azərbaycan xalqı Türkiyəni ayrı-ayrı jurnalistlərin yazısından tanımır.
Türkiyə də Azərbaycanı bir neçə sosial media paylaşımından tanımamalıdır.
Bizim qardaşlığımızın əsası “like” və “trend” deyil.
Bu qardaşlıq Çanaqqalada, Qafqazda, Qarabağda, Naxçıvanda, Şuşada, Bakıda və Ankarada formalaşıb.
Ona görə də bir neçə səsin yaratdığı informasiya səs-küyünü iki xalqın ümumi iradəsi kimi təqdim etmək doğru deyil.
Burada bir qədər sərt danışmaq lazımdır.
Qaragüruh hər yerdə eynidir.
Qaragüruh üçün faktın əhəmiyyəti yoxdur. Başlıq kifayətdir. Kontekst lazım deyil. Məqsəd bir fikri anlamaq deyil, ondan öz siyasi nəticəsini çıxarmaqdır.
Bunun sonu hara gedir?
Heç yerə.
Çünki bundan qazanan nə Ankara olur, nə Bakı.
Qazanan yalnız iki ölkənin arasında problem görmək istəyənlər olur.
Azərbaycan və Türkiyə münasibətlərinin ən böyük gücü də elə budur: bu münasibətlər emosional olsa da, artıq dövlətçilik səviyyəsinə yüksəlib.
İlham Əliyev dəfələrlə Türkiyə ilə münasibətlərin dünyada analoqu olmayan xüsusi xarakter daşıdığını vurğulayıb. Sentyabr ayında da o, Türkiyə ilə əlaqələrin regionda və daha geniş coğrafiyada sabitlik üçün mühüm amil olduğunu bildirib.
Əsas sual budur:
Kim İlham Əliyevin sözlərini Türkiyəyə qarşı çevirmək istəyir?
Və ikinci sual:
Niyə?
Bu sualların cavabını axtarmaq daha faydalıdır.
Çünki Azərbaycanla Türkiyə arasında fikir ayrılığı yaratmaq istəyən hər bir informasiya dalğası, istər-istəməz, daha böyük bir geosiyasi mənzərənin parçasına çevrilir.
Biz Türkiyə xalqına qardaş deyirik.
Bu, sadəcə siyasi şüar deyil.
Amma qardaşlıq kor-koranə susmaq da deyil. Əksinə, qardaş olduğumuz üçün yanlışın yanlış olduğunu demək lazımdır.
Türkiyədəki bütün media orqanlarını, bütün jurnalistləri və bütün türk xalqını bir neçə qərəzli yazıya görə ittiham etmək necə yanlış olardısa, bir neçə media dairəsinin yazısını Türkiyənin mövqeyi kimi təqdim etmək də eyni dərəcədə yanlışdır.
Bizim problemimiz Türkiyə ilə deyil.
Problem qardaşlığın arasına nifaq salmaq istəyən siyasi və informasiya manipulyasiyasındadır.
Qardaş qardaşla fikir ayrılığı yaşaya bilər.
Qardaş qardaşı tənqid də edə bilər.
Amma qardaş qardaşı düşmən kimi göstərməməlidir.
Bəlkə də bu gün ən çox ehtiyacımız olan cümlə budur:
Azərbaycan Türkiyənin, Türkiyə də Azərbaycanın düşməni deyil. İki xalqı bir-birinə qarşı qoymağa çalışan hər bir qaragüruh isə nə qədər yüksək səslə danışsa da, iki xalqın əsrlərlə formalaşdırdığı münasibətdən böyük deyil.
Murad İsmayıl
















