Cəbrayılın azad olunması 44 günlük Vətən müharibəsinin gedişində həm hərbi, həm də siyasi baxımdan xüsusi əhəmiyyət daşıyan hadisələrdən biri oldu. 27 il işğal altında qalan Cəbrayıl şəhərinin 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusu tərəfindən azad edilməsi müharibənin ilk böyük dönüş nöqtələrindən biri idi. Cəbrayıl istiqamətində düşmənin uzun illər ərzində qurduğu çoxpilləli müdafiə xətlərinin yarılması Azərbaycan Ordusunun döyüş qabiliyyətini və əməliyyat üstünlüyünü nümayiş etdirdi. Məhz bu uğur sonrakı mərhələdə Hadrut, Zəngilan, Qubadlı və Laçın istiqamətində irəliləyiş üçün geniş imkanlar yaratdı. Bu mənada Cəbrayılın azad edilməsi təkcə bir şəhərin geri qaytarılması deyil, bütövlükdə müharibənin sonrakı taleyinə təsir göstərən strateji nəticə idi.
Cəbrayılın taleyinə yalnız 2020-ci ilin hadisələri prizmasından baxmaq isə kifayət deyil. 1993-cü ilin avqustunda işğal olunan rayon uzun illər ərzində böyük dağıntılara məruz qaldı, əhalisi Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Məktəblərin, xəstəxanaların, mədəniyyət ocaqlarının, tarixi və dini abidələrin dağıdılması burada sadəcə yaşayış məntəqələrinin deyil, bütöv bir sosial və mədəni mühitin məhv edilməsi demək idi. Ona görə də Cəbrayıla qayıdış anlayışı yalnız insanların öz evlərinə dönməsi ilə məhdudlaşmır. Bu, eyni zamanda, illərlə pozulmuş həyatın, tarixi yaddaşın və həmin torpaqlarla mənəvi bağlılığın bərpasıdır.
Bu gün Cəbrayılda baş verən proseslər göstərir ki, Azərbaycan azad edilmiş ərazilərdə yeni mərhələyə – hərbi qələbənin sosial-iqtisadi nəticələrə çevrilməsi mərhələsinə keçib. Əgər 2020-ci ildə əsas məqsəd ərazi bütövlüyünün bərpası idisə, indi əsas məsələ həmin ərazilərdə davamlı həyatın qurulmasıdır. Yeni yaşayış məhəllələri, məktəblər, səhiyyə və sosial obyektlər, elektrik infrastrukturu, avtomobil yolları və digər layihələr Cəbrayılın yenidən formalaşmasının ayrı-ayrı elementləridir. Xüsusilə şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş plan göstərir ki, quruculuq prosesi yalnız bugünkü ehtiyaclara deyil, uzunmüddətli inkişaf perspektivinə hesablanıb. Məqsəd əvvəlki Cəbrayılı sadəcə bərpa etmək deyil, müasir şəhərsalma prinsiplərinə əsaslanan yeni Cəbrayıl yaratmaqdır.
Cəbrayılın gələcək inkişafında iqtisadi amil də xüsusi yer tutur. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması bu ərazinin yalnız yaşayış məkanı kimi deyil, istehsal, logistika, ticarət və sahibkarlıq mərkəzi kimi formalaşdırılmasının nəzərdə tutulduğunu göstərir. Bu yanaşma Böyük Qayıdışın davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır. Çünki insanları doğma torpaqlarına qaytarmaq üçün ev tikmək vacibdir, lakin onların orada daimi yaşaması üçün iş yerləri, gəlir imkanları və normal iqtisadi mühit də yaradılmalıdır. Cəbrayılın coğrafi mövqeyi və yeni nəqliyyat infrastrukturu isə rayonun gələcəkdə daha geniş regional iqtisadi əlaqələr sistemində rolunu artırmaq potensialına malikdir.
Ən mühüm məqamlardan biri isə Böyük Qayıdışın artıq plan və niyyət mərhələsindən real məskunlaşma mərhələsinə keçməsidir. 2024-cü ilin sentyabrında Cəbrayıl şəhərinə ilk köçün başlaması ilə uzun illər məcburi köçkün həyatı yaşamış insanların doğma torpaqlarına qayıdışı gerçəkliyə çevrildi. 2026-cı ilin sentyabrının sonuna olan məlumata görə, Cəbrayıl şəhəri, Horovlu və Şükürbəyli də daxil olmaqla rayonda artıq 7 mindən çox insan məskunlaşıb. Bu rəqəmlərin arxasında isə daha böyük siyasi məna dayanır: azad edilmiş ərazilərdə dövlət suverenliyi yalnız hüquqi və hərbi baxımdan deyil, insanların gündəlik həyatı ilə də möhkəmləndirilir. Məktəbdə dərsin başlaması, ailələrin yeni evlərinə köçməsi, sahibkarlığın və istehsalın yaranması əslində qələbənin sülh dövründə davam edən tərəfidir.
Bu baxımdan 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü həm keçmişi xatırladan, həm də gələcəyə baxışı ifadə edən tarixdir. Bu günün dövlət səviyyəsində əbədiləşdirilməsi azadlığın hansı mübarizə və itkilər hesabına əldə edildiyini gələcək nəsillərin yaddaşında saxlamaq baxımından mühüm əhəmiyyət daşıyır. Ancaq Cəbrayılın bugünkü mənzərəsi göstərir ki, əsas hədəf yalnız qələbəni qeyd etmək deyil, həmin qələbənin nəticələrini uzunmüddətli inkişafla möhkəmləndirməkdir. Bir vaxtlar dağıdılmış və sakinlərindən məhrum edilmiş şəhərdə bu gün evlərin tikilməsi, insanların geri dönməsi, iqtisadi və sosial həyatın yenidən qurulması Azərbaycanın postmüharibə dövrünün ən mühüm göstəricilərindən biridir. Cəbrayılın keçdiyi yol bu mənada işğaldan azadlığa, azadlıqdan isə quruculuğa və davamlı həyata uzanan yolun konkret nümunəsidir.
Züriyə Qarayeva
















