Prezident İlham Əliyevin oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışı zamanı səsləndirdiyi "Siyasətdə emosiyalara yer yoxdur. Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı" fikri ölkə və region gündəmində geniş əks-səda doğurub.
Dövlət başçısının bu bəyanatını Bakıvaxtı.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Prezidentin "siyasətdə emosiyalara yer yoxdur" fikri dəqiq ifadə olunmuş bir mövqedir:
.jpg)
Oqtay Qasımov: Ermənistan hərbi büdcəsini artırmaqla məşğuldur
"Doğrudan da Azərbaycan emosiyalarla yox, soyuqqanlı və ölçülü-biçili siyasətlə öz hədəflərinə çatıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsində, o cümlədən antiterror əməliyyatlarında Ermənistan tərəfindən, erməni terrorçuları tərəfindən Azərbaycan xalqına qarşı törədilən bütün cinayətlərə baxmayaraq, Azərbaycan Ordusuna verilən əmrlər və icra edilən vəzifələr hamısı soyuqqanlı qərarlar idi. Məhz bu soyuqqanlılıq nəticəsində Azərbaycan Ordusu olduqca dəqiq əməliyyatlar apararaq mülki əhaliyə zərər vermədi. Hansı ki, kifayət qədər emosional davranmaq da mümkün idi".
Politoloq qeyd edib ki, dövlət başçısının bu mövqeyi eyni zamanda Ermənistandakı bəzi qüvvələrə mesaj hesab edilə bilər:
"Son dövrlər biz Ermənistanda yenidən revanşist əhval-ruhiyyənin artdığını görməkdəyik. Sülh müqaviləsi və konstitusiya dəyişiklikləri ilə bağlı mövzular sanki arxa plana keçib, Ermənistan hərbi büdcəsini artırmaqla məşğuldur ki, bu da müəyyən suallar yaradır. O cümlədən Zəngəzur dəhlizində işlərin başlanmasının yubadılması kimi məsələlər suallar doğurur. Bütün bunlara baxdıqda, Azərbaycan Prezidentinin bu fikri həm siyasətçi üçün vacib olan xarakter və davranışı göstərir, həm də Ermənistandakı bəzi qüvvələrə ciddi bir mesaj kimi dəyərləndirilə bilər".
Zeynəb Rzayeva
















