Bu il ali təhsil müəssisələrinə 76 mindən çox şəxs qəbul olunub.
Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında açıqlayıb.
Nazir bildirib ki, ötən illə müqayisədə bakalavriat səviyyəsi üzrə qəbul planı 2,3 faiz, yəni 1 444 yer artırılıb. Dövlət sifarişi üzrə yerlərin sayı isə 0,9 faiz, başqa sözlə, 273 yer çoxaldılıb.
Emin Əmrullayev qeyd edib ki, magistratura səviyyəsində qəbul planı da 4,7 faiz artırılaraq 826 yer çoxaldılıb.
Nazirin sözlərinə görə, əmək bazarının real tələbləri nəzərə alınaraq müəllimlik ixtisasları üzrə plan yerləri 32,8 faiz, yəni 7 540 yer azaldılıb.
“Müəllimlik ixtisasları üzrə plan yerlərinin azaldılması ilə tədrisin keyfiyyətini artırmağa çalışırıq. Bəzi ali təhsil müəssisələrində müəllimlik ixtisaslarına aşağı balla qəbul olunan şəxslər MİQ imtahanından keçə bilmirlər. Buna görə də müəllimlik ixtisasının daha rəqabətli peşəyə çevrilməsi ölkənin xeyrinədir”, – deyə nazir bildirib.
Emin Əmrullayev əlavə edib ki, mühəndislik, xüsusilə informasiya texnologiyaları və təbiət elmləri ixtisasları üzrə həm ümumi qəbul planı, həm də dövlət sifarişi əsasında ayrılan yerlərin sayı artırılır.
Əli Hüseynov
















