Son dövrlərdə ABŞ siyasi dairələrində səsləndirilən bəyanatlar, xüsusilə J. D. Vens tərəfindən irəli sürülən “xarici intellektual müdaxilə” iddiaları Avropa İttifaqı daxilindəki daxili siyasi gərginlikləri yenidən gündəmə gətirib. Bu müzakirələrin mərkəzində isə Avropa İttifaqı ilə Macarıstan arasında davam edən ziddiyyətlər dayanır.
Brüsselin siyasi, iqtisadi və institusional təsir alətləri, milli suverenlik xəttini prioritet götürən hökumətlərlə münasibətlərdə daha sərt şəkildə özünü göstərir. Eyni zamanda, Mərkəzi Avropada formalaşan alternativ siyasi yanaşmalar və bu ölkələrin türk dünyası ilə artan əlaqələri məsələyə yeni geosiyasi ölçü qazandırır.
Bu kontekstdə mövzunu Bakıvaxtı.az-a şərh edən siyasi şərhçi Ruslan Zəngəzur bildirib ki,Brüsselin təsir mexanizmləri əsasən üç istiqamətdə cəmlənir: maliyyə rıçaqları, normativ-hüquqi təzyiq və informasiya mühiti üzərindən təsir:
“Birinci istiqamətdə Avropa fondları və subsidiya mexanizmləri vasitəsilə hökumətlərin davranışına təsir göstərmək cəhdləri müşahidə olunur.
İkinci olaraq, hüququn aliliyi və demokratik standartlar adı altında siyasi qərarlara müdaxilə xarakteri daşıyan monitorinqlər və sanksiya təhdidləri ön plana çıxır.
Üçüncü istiqamət isə media, akademik çevrələr və vətəndaş cəmiyyəti institutları vasitəsilə ictimai rəyin formalaşdırılmasıdır”.
Onun sözlərinə görə, bu elementlərin kombinasiyası klassik hərbi müdaxilə olmasa da, hibrid təsir metodologiyasına uyğun gəlir. Lakin bunu tam mənada “müdaxilə” adlandırmaq üçün hüquqi əsaslar mübahisəli olaraq qalır, çünki bu mexanizmlər rəsmi inteqrasiya çərçivəsində həyata keçirilir.
Avropa İttifaqı daxilində Macarıstan, Çexiya və Slovakiya kimi ölkələrin milli maraq əsaslı siyasətinin Brüssel tərəfindən təhlükə kimi qəbul olunmasından danışan müsahibimiz qeyd edib ki, bu ölkələrin siyasəti Brüsselin inteqrasiya modelinə tam uyğun gəlmədiyi üçün sistemdaxili disbalans yaradır. Əsas məsələ odur ki, bu dövlətlər milli suverenliyi daha prioritet hesab edir və vahid qərar mexanizmlərində tam konsensusdan yayınırlar. Bu isə Avropa İttifaqının vahid siyasi xətt formalaşdırmaq qabiliyyətini zəiflədir.
Siyasi şərhçiyə görə, digər tərəfdən, bu yanaşma müəyyən mənada “suveren demokratiya” modeli kimi təqdim olunur:
“Bu model liberal institusional çərçivədən fərqli olaraq daha çox milli identiklik və daxili siyasi legitimliyə söykənir. Brüssel isə bunu sistem üçün potensial domino effekti yarada biləcək alternativ xətt kimi qiymətləndirir. Ona görə də bu siyasət yalnız daxili fərqlilik deyil, həm də institusional çağırış kimi qəbul olunur”.
R.Zəngəzur deyib ki, Macarıstanın türk dünyası ilə yaxınlaşması onun xarici siyasətində çoxvektorlu yanaşmanın gücləndiyini göstərir. Bu isə Avropa İttifaqının daxili koordinasiya mexanizmləri baxımından əlavə risklər yaradır. Xüsusilə enerji, nəqliyyat və ticarət marşrutları kontekstində alternativ geosiyasi platformaların güclənməsi Brüsselin maraqlarına tam uyğun gəlmir:
“Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq yeni iqtisadi və siyasi imkanlar açır ki, bu da Avropa mərkəzli inteqrasiya modelinə paralel xətt formalaşdırır. Brüsseldə əsas narahatlıq bu əlaqələrin gələcəkdə siyasi koordinasiyaya çevrilə bilməsi ehtimalıdır. Eyni zamanda, bu proses Avropa daxilində strateji loyallıq məsələsini də gündəmə gətirir. Bu səbəbdən Macarıstanın bu istiqamətdə aktivliyi diqqətlə izlənilir”.
“Corc Soros ilə əlaqələndirilən təsir alətləri - QHT-lər, media və digər mexanizmlər vasitəsilə Macarıstana təzyiq iddialarını necə qiymətləndirmək olar” sualını cavablandıran həmsöhbətim bildirib ki, bu məsələ daha çox siyasi diskursun bir hissəsi kimi çıxış edir və müxtəlif tərəflər tərəfindən fərqli şəkildə şərh olunur. Doğrudur, beynəlxalq fondlar və QHT-lər müəyyən dəyərlər və prinsiplər əsasında fəaliyyət göstərirlər və bu fəaliyyət bəzən daxili siyasətə təsir kimi qiymətləndirilir. Ddiyinə görə, media və vətəndaş cəmiyyəti institutları vasitəsilə ictimai rəyə təsir imkanları da danılmazdır:
“Lakin bu təsirin koordinasiyalı siyasi müdaxilə olub-olmaması barədə yekdil fikir yoxdur. Macarıstan hökuməti bunu milli suverenliyə təhdid kimi təqdim edir, qarşı tərəf isə bunu demokratik dəstək mexanizmi kimi izah edir. Reallıqda isə burada həm ideoloji, həm də geosiyasi maraqların toqquşması müşahidə olunur. Bu səbəbdən məsələni yalnız bir tərəfin prizmasından qiymətləndirmək obyektiv nəticə vermir”.
Zülfü Məmmədov
Bakı 




