Elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib.
Bakıvaxtı.az xəbər verir ki, nazir bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev DİM-in 10 İllik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı səsləndirib:
“DİM hazırda Azərbaycan vətəndaşları haqqında ən dərin və çoxşaxəli məlumat bazasına malik qurumlardan biridir".
Onun sözlərinə görə, bu məlumatlar sadəcə imtahan nəticələri ilə məhdudlaşmır və dövlət idarəçiliyində qərarların qəbulunda mühüm rol oynayır.
E.Əmrullayev vurğulayıb ki, bu informasiya “böyük bir xəzinədir” və hər il daha da zənginləşərək dəyərini artırır:
“Qiymətləndirmə prosesi yalnız üçrəqəmli ballarla ifadə olunan nəticələrdən ibarət deyil.
Bu sistem sonrakı mərhələlərdə – dövlət qulluğu və digər sahələrdə səmərəli qərarların verilməsi üçün mühüm baza rolunu oynayır”.
Nazir əlavə edib ki, imtahanlar insanların həyatına real təsir göstərən mexanizmdir:
“Ədalətli imtahan sistemi Azərbaycanın mühüm nailiyyətidir”.
O qeyd edib ki, Sovet dövrü ilə müqayisədə müstəqillik illərində qəbul prosesində şəffaf və ədalətli sistem formalaşıb və bu, artıq 30 ildən çoxdur davam edir.
Emin Əmrullayevin sözlərinə görə, milyonlarla insan məhz bu ədalətli imtahanlar nəticəsində ali və digər təhsil müəssisələrinə qəbul olub.
Zeynəb Rzayeva
Bakı 




