• Bakı 13° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Deputat: Transformasiyanın içindəyik

SİYASƏT

10 Aprel 2026 | 12:17

Deputat: Transformasiyanın içindəyik

Hikmət Babaoğlu Milli Məclisin plenar iclasında çıxışı zamanı süni intellektin mahiyyəti və gələcək təsirləri ilə bağlı fikirlər səsləndirib. O bildirib ki, süni intellekt yaradıcılıq və kəşf prosesinə xidmət edən bir vasitədir və bu texnologiya insanın mənəvi dəyərlərini zəiflətmir, əksinə, düzgün istifadə olunduqda onları daha da gücləndirə bilər.

Bakıvaxtı.az xəbər verir ki, deputatın sözlərinə görə, süni intellektin özü mənəvi keyfiyyətlərə malik deyil, lakin onu yönləndirən insan bu dəyərlərin daşıyıcısıdır.

O, həmçinin əvvəlki bir məqaləsində qeyd etdiyi terminlərə istinad edərək insanlığın mərhələli inkişafını belə izah edib:

“İnsanlıq tarixi ‘Homo Sapiens’ mərhələsindən sonra ‘Homo İnformatikus’, daha sonra isə ‘Homo Hibridicus’ kimi yeni bir mərhələyə keçə bilər”.

Deputat vurğulayıb ki, bu dəyişimin çox daha uzun müddətdə baş verəcəyi düşünülürdü, lakin proses gözləniləndən sürətli gedib:

“Əslində biz bu keçidin bu qədər qısa müddətdə reallaşacağını düşünmürdük. Amma cəmi 10–12 il ərzində artıq bu transformasiyanın içindəyik”.

O əlavə edib ki, insan və texnologiyanın bir-birinə daha sıx inteqrasiyası artıq real mərhələyə çevrilib:

“Bu gün insanla maşının hibridləşdiyi bir reallıq formalaşıb”.

Hikmət Babaoğlunun fikrincə, süni intellekt sosial münasibətlərə və dəyərlər sisteminə təsir göstərdikcə, bu prosesin yalnız etik çərçivələrlə idarə olunması kifayət etmir və hüquqi tənzimləməyə ehtiyac yaranır:

“Əgər süni intellekt texnologiyaları mənəvi dəyərlərimizə təsir edir və onların deqradasiyasına səbəb olursa, bunu yalnız mənəvi vasitələrlə dayandırmaq mümkün deyil. Bu halda əsas vasitə hüquqi tənzimləmədir”.

O bildirib ki, gələcəkdə bu sahədə qanunvericilik daha da genişlənəcək:

“Süni intellekt inkişaf etdikcə ictimai münasibətlər də dəyişəcək və buna uyğun olaraq hüquqi tənzimləmə daha sistemli və əhatəli şəkildə formalaşmalıdır”.


SON XƏBƏRLƏR