• Bakı 12° C

    1.65 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

İnsan beyni neçə giqabayt məlumat saxlaya bilər?

CƏMİYYƏT

10 Aprel 2026 | 14:15

İnsan beyni neçə giqabayt məlumat saxlaya bilər?

Beyin kompüter kimidir, ifadəsini demək olar ki, hamı eşidib. Lakin alimlər bildirirlər ki, bu müqayisə yalnız şərtidir və insan beyninin real gücü bundan qat-qat mürəkkəbdir. Neyrobioloqlar yaddaşın işləmə mexanizmini araşdırdıqca ortaya çıxan nəticələr daha da heyrətləndirici olur.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, aparılan hesablamalara görə, insan beyni təxminən 1-dən 10 petabayta qədər informasiya saxlamaq potensialına malikdir. Bu isə milyonlarla gigabayt deməkdir və böyük məlumat mərkəzlərinin yaddaşı ilə müqayisə olunur.

Beynin bu qədər böyük “həcmi” onun quruluşu ilə bağlıdır. Yaddaş neyron şəbəkələri üzrə paylanır və hər bir neyron minlərlə digər neyronla əlaqə yarada bilir. Məhz bu əlaqələr informasiyanın saxlanmasının əsasını təşkil edir. Əlaqələrin sayı artdıqca yaddaşın həcmi də genişlənir.

Alimlər vurğulayır ki, beyin məlumatı fayl kimi deyil, obrazlar və assosiasiyalar şəklində saxlayır. Bu xüsusiyyət yaddaşı daha çevik edir və onun davamlı olaraq dəyişib yenilənməsinə imkan yaradır. Bu proses neyroplastiklik adlanır və insanın ömür boyu öyrənə bilməsinin əsas səbəblərindən biridir.

Maraqlıdır ki, beyin heç vaxt tam dolmur. O, lazımsız informasiyanı silir və yeni məlumatlara yer açır. Bu isə yaddaşın daim aktiv və funksional qalmasına kömək edir.

Mütəxəssislər həmçinin bildirirlər ki, yaddaşın gücü həyat tərzindən birbaşa asılıdır. Kifayət qədər yuxu, düzgün qidalanma və stressin azaldılması beynin fəaliyyətini yaxşılaşdırır. Fiziki aktivlik qan dövranını artıraraq neyronların işini gücləndirir, yeni təcrübələr və müxtəlif fəaliyyətlər isə neyron əlaqələrinin artmasına səbəb olur.

Beləliklə, insan beyni yalnız böyük yaddaş həcminə malik deyil, həm də özünü yeniləmə və inkişaf etdirmə qabiliyyəti ilə texnologiyalardan fərqlənən unikal bir sistemdir. (Lent.az)


SON XƏBƏRLƏR