Hazırkı məlumata görə, 2027-ci il Azərbaycandan Həcc ziyarətinə getmək üçün Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) 140-dan çox sənəd verilib.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc Elektron Sistemi rəhbəri Vüsal Cahangiri Bakıvaxtı.az-a açıqlamasında bildirib.
O xatırladıb ki, sənəd qəbuluna 24 sentyabrdan başlanılıb:
"Sənəd qəbulu iş günləri saat 10:00-dan 16:00-dək QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır".
Xatırladaq ki, ilkin olaraq bir nəfər üçün Həcc ziyarəti paketinin qiyməti ötən il olduğu kimi 6100 ABŞ dolları müəyyən edilib. Bununla belə, qiymətin müəyyən qədər artması istisna edilmir.
Həcc ziyarətinə getmək istəyən şəxslərdən aşağıdakı sənədlər tələb olunur:
-ümumvətəndaş pasportu (ən azı 1 il etibarlılıq müddəti olmalıdır);
-şəxsiyyət vəsiqəsinin surəti;
-5x5 santimetr ölçüdə ağ fonda çəkilmiş 2 ədəd rəngli fotoşəkil (qadınlar tünd hicabda);
-sağlamlıq haqqında arayış.
Günəş Mərd
















