ABŞ Dövlət Departamenti Rusiya Quru Qoşunları və Müdafiə Nazirliyinin iki departamenti də daxil olmaqla, bir neçə Rusiya təşkilatına qarşı yeni sanksiyalar tətbiq edib.
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bununla bağlı Departament bəyanat yayıb.
Bəyanata görə, 24 iyul 2026-cı ildə Amerika Birləşmiş Ştatları hökuməti İran, Şimali Koreya və Suriyaya münasibətdə Nüvə Silahlarının Yayılmaması Qanununun 3-cü bölməsində nəzərdə tutulan tədbirləri tətbiq edib.
Sanksiyalar siyahısına Rusiya Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsi, nazirliyin Qabaqcıl Xidmətlərarası Tədqiqatlar və Xüsusi Layihələr Departamenti, Rusiya Quru Qoşunları və 1061-ci Logistika Mərkəzi daxildir. Məhdudiyyətlər həmçinin "Gideon Alpha" və "International Invest Company MMC" şirkətlərinə də tətbiq edilib.
Bundan əlavə, Rusiya vətəndaşları Andrey Qusev, Andrey Kosolapov, Vladislav Morozik, Aleksandr Prixodko və Sergey Tsıbarev sanksiya siyahısına əlavə edilib. Bu tədbirlərə əsasən, ABŞ hökumətinin heç bir departamentinə və ya agentliyinə bu xarici şəxslərdən mal, texnologiya və ya xidmətlər almağa və ya onlarla satınalma müqavilələri bağlamağa icazə verilməyəcək.
ABŞ nazirliklərinə onlara hər hansı bir yardım göstərmək, hərbi məhsullar satmaq və ya müvafiq lisenziyalar vermək də qadağandır. Bu məhdudiyyətlər qüvvəyə mindiyi tarixdən etibarən iki il müddətində qüvvədədir.
Gülşən Şərif
Bakı 



