“Azərbaycan Mədəniyyəti-2040” Azərbaycan Respublikası Mədəniyyət Konsepsiyasına uyğun olaraq, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə regionun ən böyük kitab festivalı – 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi bu il 21-27 oktyabr tarixlərində keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, sərgi Bakı Ekspo Mərkəzində təşkil olunacaq.
Bu il “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunan sərginin əsas məqsədi uşaqlarda mütaliə mədəniyyətinin formalaşdırılması, kitaba marağın artırılması və onların faydalı vərdişlərə təşviq edilməsidir.
Ənənəvi olaraq hər il keçirilən Bakı Beynəlxalq Kitab Sərgisi yerli və beynəlxalq nəşriyyatlar, poliqrafiya müəssisələri, kitab mağazaları və sahə üzrə fəaliyyət göstərən yaradıcılıq təşkilatlarını bir araya gətirəcək. Tədbir çərçivəsində müxtəlif təqdimatlar, müəlliflərlə görüşlər, imza saatları və zəngin ədəbi-bədii proqram təşkil ediləcək.
Sərgidə həmçinin dünyaca tanınmış yazıçılar və tədqiqatçı-alimlərin iştirakı ilə panel müzakirələri, təqdimatlar və müəlliflik hüquqları sahəsində görüşlərin keçirilməsi nəzərdə tutulur. Yeddi gün davam edəcək tədbirin ilin ən mühüm ədəbi-mədəni hadisələrindən biri olacağı gözlənilir.
Hazırda sərgidə iştirak üçün qeydiyyat davam edir. İştirakçı qismində qatılmaq istəyənlər müraciətlərini bakubookfair@culture.az elektron poçt ünvanına göndərə bilərlər.
Oxucular isə sərgini ziyarətçi qismində ödənişsiz ziyarət etmək imkanı əldə edəcəklər.
Bakı 



