Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsi milli mədəni fəallar Abbas Lisani, Yusif Kari, Behzad Dəşti və Əli Xeyrcuya ümumilikdə 40 il həbs cəzası verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Hökmə əsasən, Abbas Lisani "milli təhlükəsizliyi pozmaq məqsədi ilə qrup yaratmaq və ona rəhbərlik etmək" və "milli təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq" ittihamları ilə ümumilikdə 15 il həbs cəzasına məhkum edilib.
Yusif Kari və Behzad Dəşti "milli təhlükəsizliyi pozmaq məqsədi ilə qrupa üzv olmaq" və "milli təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq" ittihamları ilə hər biri 10 il həbs cəzasına məhkum ediliblər.
Əli Xeyrcu isə"milli təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq" ittihamı ilə 5 il azadlıqdan məhrum edilib.
Bu fəallara qarşı ittihamlar üzrə dinləmə 30 may 2026-cı ildə yuxarıda adıçəkilən şöbədə keçirilib və Abbas Lisani, Əli Xeyrcu və Yusif Kari məhkəməni ədalətsiz adlandırdıqlarına görə dinləmədə iştirak etməkdən imtina etmişdilər.
Qeyd edək ki, Abbas Lisani, Əli Xeyrucu, Behzad Dəşti və Yusif Kari 2025-ci il noyabrın 11-də Tehranda Evin həbsxanasının qarşısında aclıq aksiyası keçirən azərbaycanlı məhbus fəallara dəstək üçün oturaq aksiya keçirdikləri vaxt həbs ediliblər.
Bir müddət əvvəl Behzad Dəşti və Əli Xeyrcu girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad edilsələr də Abbas Lisani və Yusif kari Evin həbsxanasındakı 209 saylı istintaq təcridxanasına, 2025-ci ilin dekabr ayının 31-də isə həbsxananın 7-ci karantin bölməsinə köçürülüblər.
Adları çəkilən fəallar bundan əvvəl də dinc mədəni və milli fəaliyyətlərinə görə bir neçə həbs olunublar.
Bakı 



