Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni imkanlar nəzərdən keçirilir.
Səudiyyə Ərəbistanı Kral ailəsinin keçmiş müşaviri Nawaf Obaid bildirib ki, Ər-Riyad Ankara ilə pilotsuz uçuş aparatları sahəsində əməkdaşlıq edir və Türkiyənin beşinci nəsil milli döyüş təyyarəsi olan KAAN layihəsinin maliyyələşdirilməsində də maraqlıdır.
Obaidin sözlərinə görə, Səudiyyə Ərəbistanının Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı yalnız pilotsuz uçuş aparatları ilə məhdudlaşmır. Krallıq Türkiyənin inkişaf etdirdiyi qabaqcıl aviasiya platformalarına da diqqət göstərir.
Səudiyyə Ərəbistanının KAAN layihəsinin maliyyələşdirilməsinə maraq göstərməsi isə iki ölkə arasında müdafiə sənayesi əməkdaşlığının daha yüksək səviyyəyə keçə biləcəyinə dair siqnal kimi qiymətləndirilir.
Politoloq Məhəmməd Əsədullazadə bu barədə Bakıvaxti.az-a danışarkən bildirib ki, Səudiyyə Ərəbistanı və Türkiyə arasında imzalanmış "Məkkə sazişi"ndən sonra belə bir müqavilənin bağlanması da mümkündür.

Ekspertin sözlərinə görə, tərəflər artıq bir-birinin hərbi müttəfiqləridir:
“Ər-Riyadın Türkiyənin KAAN qırıcısını maliyyələşdirməsi gələcəkdə də Səudiyyə Ərəbistanın belə bir qırıcıya sahib olması deməkdir. Bu, çox müsbət addımdır. Həmçinin, Səudiyyə Ərəbistanın böyük maliyyə imkanlarına sahib olması Türkiyənin hərbi sahədə digər layihələri də reallaşdırmasına gətirib çıxara bilər. Göründüyü kimi tərəflər arasında münasibətlər kifayət qədər yüksəkdir. Üstəlik, "Məkkə sazişi" və KAAN qırıcıları ilə bağlı mümkün razılaşma da göstərir ki, tərəflər artıq strateji müttəfiqliyə doğru gedirlər. Çünki bu tip müqavilələr ancaq strateji müttəfiqlər arasında reallaşır”.
Aydın Baxış
















