Azərbaycan və Ermənistan arasında sülh Rusiyanın maraqlarına uyğun deyil.
Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. Onun sözlərinə görə, regionda sülh böyük güclərin, xüsusilə də Rusiya Federasiyasının maraqlarına uyğun deyil:
“Çünki Rusiya bu halda ilk növbədə Ermənistan, sonra Azərbaycan üzərində təsir rıçaqlarını itirir. Rusiya Ermənistan, Azərbaycan və Gürcüstanı öz “təsir zonası” hesab edir”.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Alen Simonyanın Rusiya ilə bağlı səsləndirdiyi fikirlər həqiqətdir.
Ekspertin sözlərinə görə, dəfələrlə bu və ya digər platformalarda bənzər fikirlər səsləndirilib:
“Rusiya hər zaman hesab edir ki, Cənubi Qafqaz onun “arxa bağçası”dır. Ona görə də bu regiondakı dövlətlər mütləq Moskvanın təsir dairəsində olmalıdır. Qarabağ probleminin yaradılması, onun idarə olunması, uzun müddət işğalın davam etməsi də Rusiyanın “əməyinin” məhsuludur. Rusiya heç zaman təsir imkanlarını əldən vermək istəməyib. Amma 2020-ci ilin 44 günlük savaşı və 2023-cü ilin anti-terror tədbirləri problemi köklü şəkildə həll etdi və münaqişə faktoru və separatçılıq aradan qaldırıldı. Bununla Rusiyanın bölgədəki təsir rıçaqları da zəiflədi”. Müsahibimiz hesab edir ki, Rusiya-Ukrayna savaşının da burada önəmli rolu var. Dediyinə görə, Rusiya özünün bütün potensialını böyük ölçüdə Ukrayna ilə müharibəyə cəlb edib. Nəticə etibarilə Kremlin Cənubi Qafqaza təsir imkanları azalıb.
Analitik bəyan edib ki, Rusiya-Ukrayna cəbhəsində sabitlik var və tərəflərin heç birinin üstünlüyü yoxdur:
“Üstəlik, Ermənistanda iyunun 7-də parlament seçkisi keçiriləcək. Moskvanın diqqətini regiona, xüsusən Ermənistana yönəldən səbəblərdən biri də budur. Çünki parlament seçkilərinin nəticələri sadəcə Ermənistanda deyil, bütövlükdə Cənubi Qafqazda gələcək vəziyyəti müəyyənləşdirəcək. Rusiya da çalışır ki, İrəvanda öz tərəfdarlarını başa gətirsin və Paşinyanın komandasını devirsin. Kreml bunun üçün imkanlarını ciddi şəkildə səfərbər edib. Hətta Vladimir Putin Paşinyanla Moskvadakı görüşündə Rusiya vətəndaşları olan ermənilərin seçkidə iştirakı məsələsini qaldırdı”.

Oqtay Qasımov: Rusiya hesab edir ki, Cənubi Qafqaz onun “arxa bağçası”dır
Qasımova görə, Rusiya özü də yaxşı bilir ki, dəstəklədiyi qüvvələrin Ermənistan daxilində müəyyən potensialı olsa da, hakimiyyətə gələcək səviyyədə deyil:
“Paşinyanın hakimiyyətdə qalacağı təqdirdə Moskva ikinci variant olaraq parlament daxilində proseslərə təsir edəcək əhəmiyyətli güc formalaşdırmaq istəyir. Əlbəttə, Rusiyanın Ermənistana başqa təsir imkanları da qalmaqdadır. Ermənistandakı 102-ci hərbi baza, sərhədi qoruyan rus hərbçilər, dəmir yolları, elektrik xəttləri, iqtisadiyyat, o cümlədən digər əhəmiyyətli sahələr Rusiyanın təsir rıçaqlarıdır. Amma bunlar da İrəvanda hökumət dəyişikliyinə nail olmağa yetərli deyil”.
Aydın Baxış
Bakı 




