q
  • Bakı 14° C

    9.33 m/s

  • USD - 1.7

    EUR - 1.9938

    RUB - 2.2704

Neft Fondundan "Qarabağ" tələbələrinə mentorluq dəstəyi - FOTOLAR

CƏMİYYƏT

05 May 2026 | 15:29

Neft Fondundan Qarabağ tələbələrinə mentorluq dəstəyi - FOTOLAR

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən insan kapitalının inkişafı və təhsilin dəstəklənməsi istiqamətində həyata keçirilən təşəbbüslərin davamı olaraq, Azərbaycan Respublikasının Şanlı Zəfərinin 5-ci ildönümü münasibətilə Qarabağ Universitetinin tələbələri üçün  həyata keçirilən “Zəfərdən Gələcəyə” mentorluq proqramının açılış mərasimi baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, proqram çərçivəsində Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin 2-ci və 3-cü kurs tələbələri arasından seçim əsasında 10 nəfər iştirakçı müəyyən edilib. Seçilmiş tələbələr Fondun mütəxəssisləri tərəfindən təqdim olunacaq mentorluq dəstəyi vasitəsilə investisiya və maliyyə sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər.

Qarabağ Universitetində keçirilən açılış mərasimində Fondun İcraçı direktorunun müavini Bəhruz Bəhramov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış ediblər.

Fondun icraçı direktorunun müavini Bəhruz Bəhramov çıxışında proqramın əhəmiyyətini vurğulayaraq qeyd edib: “Qarabağda həyata keçirilən bərpa və yenidənqurma mərhələsində bilik və insan kapitalına qoyulan investisiya xüsusi əhəmiyyət kəsb edərək uzunmüddətli dəyər yaradır. Bu yanaşma isə Fondun strateji prioritetləri sırasında mühüm yer tutur.”

Qarabağ Universitetinin rektoru Şahin Bayramov isə çıxışında qeyd edib ki, universitet regionda bilik və inkişaf mərkəzi kimi formalaşaraq tələbələrin potensialının reallaşdırılmasına və onların gələcək karyera istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verir.

Tədbir çərçivəsində proqramın məqsədləri, icra mexanizmi, qarşıdakı mərhələlər və iştirakçıların proqramdan səmərəli faydalanma imkanları barədə təqdimatlar keçirilib.

Eyni zamanda, ARDNF-nin nümayəndələri Qarabağ Universitetinin yeni istifadəyə verilmiş İqtisadiyyat fakültəsinin binası ilə tanış olublar.

Qeyd edək ki, “Zəfərdən Gələcəyə” mentorluq proqramı gənclərin iqtisadiyyat və maliyyə sahələrinə marağının artırılması, onların peşəkar inkişafına dəstək göstərilməsi və nəzəri biliklərlə praktik təcrübə arasında əlaqənin gücləndirilməsi məqsədi daşıyır. Proqram Fondun bilik və təcrübəsinin paylaşılması yolu ilə ölkədə insan kapitalının inkişafına və dayanıqlı iqtisadi inkişafa töhfə verən təşəbbüslərdən biridir.

 


SON XƏBƏRLƏR