q
  • Bakı 14° C

    9.33 m/s

  • USD - 1.7

    EUR - 1.9938

    RUB - 2.2704

“Mayda toy olmaz” düşüncəsi hardan gəlir? - Ekspertlərdən SƏRT REAKSİYA

CƏMİYYƏT

05 May 2026 | 16:23

“Mayda toy olmaz” düşüncəsi hardan gəlir? - Ekspertlərdən SƏRT REAKSİYA

May ayı gələn kimi sanki hamıda bir tərəddüd yaranır. Çoxları bu ayda toy etməyə çəkinir. Maraqlıdır ki, ilin bu dövründə toy-düyün sədaları demək olar ki, eşidilmir. Halbuki, may ayında dünyaya gələnlər, ad günlərini qeyd edənlər və hətta ailə quranlar da kifayət qədərdir.

Bəziləri mayı “ağır ay” adlandırır, digərləri isə onu “çiçək ayı” kimi qəbul edir, bir qisim isə ümumiyyətlə bu düşüncələrin məntiqsiz olduğunu deyir. Yaşlı nəsil arasında belə bir fikir də var ki, bu ay ruzi-bərəkətin təməlinin qoyulduğu dövr sayılır və körpə uşaqla müqayisə olunur. Onların düşüncəsinə görə, körpə necə hələ heç bir əlaqə qura bilmirsə, may ayında qurulan ailənin də təməli möhkəm olmur.

Bu baxışlara görə, həmin dövrdə qurulan ailələrin ya xoşbəxt olmadığı, ya da həyatlarının çətinliklərlə keçdiyi iddia edilir. Elə buna görə də Azərbaycanda may ayında toy etmək geniş yayılmış ənənə sayılmır.

Əpoş Vəliyev: May ayında toy etməmək inancı daha çox başqa xalqlardan keçib

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev deyib ki, may ayında toy etməmək barədə yayılan fikirlərin əsasə yoxdur. Onun sözlərinə görə, əksinə, may təbiətin ən gözəl dövrlərindən biridir, çiçəklər açır, hava istiləşir, həyat canlanır:

“Azərbaycanda toyların daha çox payızda keçirilməsi isə inancla yox, keçmiş həyat tərzi ilə bağlı olub. Payız bolluq mövsümü sayılırdı. Məhsul yığılır, heyvanlar daha kök olurdu və bu da toy süfrəsini təmin etməyi asanlaşdırırdı. Yazda, xüsusilə mayda isə bu imkanlar məhdud idi”.

Müsahibimiz vurğulayıb ki, may ayında toy etməmək inancı daha çox başqa xalqlardan keçib:

“Bəzi erməni ənənələrində bu dövr yas mərasimi ilə əlaqələndirilir, ruslarda isə may “ağır ay” kimi qəbul olunur. Bu inancların Azərbaycan mədəniyyəti ilə birbaşa bağlılığı yoxdur. Bu gün isə şərait tam fərqlidir. İstənilən mövsümdə bolluq yaratmaq mümkündür. Ona görə də may ayında toy etməmək üçün real səbəb yoxdur, bu hal sadəcə köhnə bir stereotipdir”.

Tural İrfan: Mayda toy etməyin bədbəxt hadisələrə səbəb olacağı inancı tamamilə cəfəngiyyatdır

Mövzuya dini aspektdən yanaşan dinşünas Tural İrfan da Bakıvaxtı.az-a bildirib ki, camaatda belə bir ənənəvi rəy formalaşıb ki, guya may ayında toy etmək bədbəxtlik gətirir:

“Bu inanc haradan yaranmasından asılı olmayaraq xurafatdır və din belə işlərə tənqidi yanaşır. İslama görə istənilən gündə, ayda toy etmək olar. May ayı, əksinə əsl toy etməyə uyğun olan aylardandır. Çünki hava stabilləşir, təbiətin tam oyanış vaxtıdır. Mayda toy etməməklə bağlı inancın haradan yaranması mübahisəlidir. Lakin əsas rəy odur ki, ermənilərdən keçib. Ola bilsin onlarda hansısa inanc əsasında bu ayda toy etməsinlər. Çünki bu inancın vüsət aldığı dövr əsasən ermənilərlə birgə yaşayış dövrünə, yəni, Sovet dövrünə təvafüq edir”.

Müsahibimiz qeyd edib ki, İslam dininə və milli ənənələrimizə zidd olduğu, heç bir elmi əsası olmadığı üçün biz bunu xurafat hesab edirik:

“Yer üzündə may ayında toyu olub xoşbəxt olan milyonlarla insan var. Təbii ki, bədbəxt olan da var. Amma bunu hansısa aya, günə bağlamaq gülüncdür. Azərbaycanın dahi şəxsiyyətlərinin bir çoxunun nikah və toy mərasimi may ayında olub. May ayında toy etməyin bədbəxt hadisələrə səbəb olacağı inancı tamamilə cəfəngiyyat, xurafat və cəhalət nümunəsidir”.

Tural İrfanın fikrincə, xüsusən indiki dövrdə belə şeylərə inanmaq dövrün müasir insanına yaraşmaz:

“Ola bilsin bu cəfəng inanca müxalif olaraq toy edən adamlara o qədər nəzər yönəldib, psixoloji təsir edirlər, ətraflarında mənfu aura yaradırlar ki, evlənən cütlük də belə gərgin mühitdə hardasa ayağı ilişib yıxılır, gözü dörd olanlar da bunu may ayı ilə əlaqələndirirlər. Mayda toy etmək bədbəxtlik deyil, əsl bədbəxtlik bu ayda toy etməyin bədbəxtlik gətirəcəyinə inanmaqdır”.

Aynur Babazadə


SON XƏBƏRLƏR