Fransa polisi Parisin mərkəzindəki "Bank of America"nın (BAC.N) ofisinin yaxınlığında əldəqayırma partlayıcı qurğunu işə salmağa cəhd etdiyi ehtimal olunan kişini saxlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə polisdəki mənbəyə istinadən Fransanın "Le Parisien" qəzeti məlumat yayıb.
Fransanın daxili işlər naziri Loran Nunyes sosial şəbəkə hesablarında bildirib ki, antiterror prokurorluğu bu insidentlə bağlı istintaqa başlayıb. Onun sözlərinə görə, istintaq Parisin məhkəmə polisinə və Fransanın DGSI (Fransa DİN-ə tabe olan əsas daxili kəşfiyyat və əks-kəşfiyyat agentliyi) xüsusi xidmət orqanına tapşırılıb.
"Ötən gecə Parisdə zorakı terror hücumunun qarşısını alan Paris polisinin əməliyyat qrupuna əhsən", - Nunyes bildirib.
Onun sözlərinə görə, sayıqlıq misli görünməmiş yüksək səviyyədə qalır.
"Mən hazırkı beynəlxalq kontekstdə rəhbərliyim altında tam səfərbər olmuş bütün təhlükəsizlik və kəşfiyyat qüvvələrini təbrik edirəm", - o əlavə edib.
"Le Parisien"in məlumatına görə, şübhəli şəxs Parisin 8-ci dairəsində partlayıcı qurğunu işə salmağa çalışarkən saxlanılıb. O, nəzarət altına alınıb, hadisə yerində olan ikinci şəxs isə qaçıb və hələ də azadlıqdadır.
Bildirilib ki, qurğu naməlum maye ilə doldurulmuş beş litrlik qabdan, həmçinin təxminən 650 qram tozşəkilli maddədən ibarət partlayıcı yükdən ibarət olub. Qurğu zərərsizləşdirilib və Paris polisinin kriminalistika laboratoriyasının məhkəmə ekspertlərinə təhvil verilib./Report
Bakı 




