q
  • Bakı 13° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.9899

    RUB - 2.26

Lətif Kərimovun 120 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

SİYASƏT

30 Aprel 2026 | 16:37

Lətif Kərimovun 120 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli xalça ustası, sənətşünas alim Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, sərəncama əsasən, 2026-cı ilin noyabr ayında Azərbaycan təsviri sənətinin böyük nümayəndəsi, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Kərimovun anadan olmasının 120 ili tamam olur. Qeyd olunub ki, Azərbaycan xalça sənətinin dünya mədəni irsində layiqli yer tutmasında onun müstəsna xidmətləri var.

Sənəddə vurğulanır ki, Lətif Kərimovun müəllifi olduğu süjetli və portret xalçalar, monumental xalılar milli xalçaçılıq ənənələrinin parlaq nümunələri hesab olunur. Onun zəngin koloritə malik, bədii-estetik xüsusiyyətləri ilə seçilən əsərləri sənətkara geniş şöhrət qazandırıb. Eyni zamanda, alim Azərbaycan xalçalarının ornamental və kompozisiya xüsusiyyətlərini sistemli şəkildə təsnifləşdirərək bu sahədə fundamental elmi baza formalaşdırıb.

Prezidentin Sərəncamına əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Lətif Kərimovun yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Bununla yanaşı, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

Qeyd edək ki, Lətif Kərimov Azərbaycan xalça sənətinin beynəlxalq miqyasda tanınmasında mühüm rol oynayan görkəmli sənətkar və tədqiqatçılardan biri kimi tarixə düşüb.


SON XƏBƏRLƏR