Gəncədə məktəblilər arasında baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatı məlum olub.
Bu barədə Bakıvaxtı.az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, aprelin 29-da Gəncə şəhər 9 nömrəli məktəbin iki şagirdi arasında məktəbdənkənar ərazidə mübahisə yaşanıb:
"Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, hər iki şagirdin valideynləri məktəbə dəvət ediliblər və onlarla profilaktik söhbət aparılıb.
Şagirdlərin fiziki, psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Uşaqların yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq, ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik".
Bakı 




