q
  • Bakı 13° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.9899

    RUB - 2.26

Delimitasiya masasından sülh gündəliyinə keçid - ŞƏRH

SİYASƏT

30 Aprel 2026 | 13:52

Delimitasiya masasından sülh gündəliyinə keçid - ŞƏRH

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Ermənistana səfər edib. Ağverən şəhərində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 13-cü iclası keçirilib.

Görüşdə tərəflər delimitasiya prosesinin təşkili, texniki məsələlər və üç əsas təlimat sənədi üzrə razılıq əldə edərək onları hökumətlərə təqdim etmək qərarına gəliblər. Bu, prosesin artıq praktik və sistemli mərhələyə keçdiyini göstərir.

Bu görüşün önəmi ondadır ki, tərəflər yalnız sərhəd xəttini deyil, paralel olaraq gələcək münasibətlərin iqtisadi və logistika əsaslarını da müzakirə edirlər. Tranzit daşımaları və enerji əməkdaşlığı kimi məsələlərin gündəmə gəlməsi onu göstərir ki, tərəflər qarşıdurmadan çıxaraq qarşılıqlı fayda modelinə keçidi nəzərdən keçirir. Bu isə regionda yeni əməkdaşlıq mühitinin formalaşması üçün ilkin siqnaldır.

Ərazi məsələləri baxımından isə proses daha çox texniki xarakter daşıyır və sürətli nəticələr gözləmək real deyil. Delimitasiya addım-addım aparılan, əsasən xəritə və hüquqi əsaslara söykənən bir mexanizmdir. Bu baxımdan konkret ərazilərin “geri qaytarılması”ndan daha çox, sərhədlərin qarşılıqlı şəkildə tanınması və dəqiqləşdirilməsi əsas hədəf kimi çıxış edir.

Razılaşdırılan sənədlər və imzalanan protokol tərəflər arasında institusional etimadın formalaşmağa başladığını göstərir. Növbəti görüşün Azərbaycanda keçirilməsi qərarı da dialoqun davamlı olacağını təsdiqləyir. Bu dinamika qorunarsa, delimitasiya prosesi tədricən daha geniş sülh sazişinin hüquqi və siyasi əsasına çevrilə bilər.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR