q
  • Bakı 13° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.9899

    RUB - 2.26

Okampo videosu: Avropa siyasətinə gizli təsir iddiaları

SİYASƏT

30 Aprel 2026 | 14:26

Okampo videosu: Avropa siyasətinə gizli təsir iddiaları

Son günlərdə mediada yayılan məlumatlara görə, Beynəlxal Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo və oğlu Tomas Moreno Okampo ilə bağlı ortaya çıxan video ciddi müzakirələrə səbəb olub.

İddialara əsasən, videoda Avropa strukturları daxilində erməni lobbisinin təsir imkanları, Avropa Parlamenti və Komissiya səviyyəsində mümkün təzyiq mexanizmləri barədə danışıldığı bildirilir. Həmçinin qeyd olunur ki, Aİ Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrell vasitəsilə Avropa Komissiyasının sədri Ursula fon der Leyen üzərində təsir imkanları müzakirə edilir və bu çərçivədə Azərbaycanla bağlı qərarlara yön vermək cəhdlərindən bəhs olunur.

Digər tərəfdən, Okamponun oğlunun Ermənistanın daxili siyasi vəziyyəti barədə fikirləri, xüsusilə Baş nazir Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması ehtimalının müzakirə mövzusu kimi təqdim olunması iddiaları daha geniş siyasi kontekst yaradır. Bununla yanaşı, materialda ABŞ-dəki erməni lobbisi ilə koordinasiyalı fəaliyyətin mümkünlüyü də vurğulanır, lakin bütün bu iddialar hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Bu iddiaların doğru olması halında, ilk növbədə Ermənistanın daxili siyasi sisteminə xarici müdaxilə ehtimalı məsələsi gündəmə gəlir. Bu, yalnız konkret siyasi fiqurların taleyi ilə bağlı deyil, bütövlükdə ölkədə qərarvermə proseslərinin nə dərəcədə müstəqil olması sualını doğurur. Xarici aktorların təsiri ilə formalaşan siyasi gündəm isə cəmiyyət daxilində parçalanmanı dərinləşdirə və legitimlik böhranını sürətləndirə bilər. Bu kontekstdə hakimiyyət uğrunda mübarizənin daxili siyasi proses olmaqdan çıxaraq geosiyasi alətə çevrilməsi riski artır.

Region səviyyəsində isə belə iddialar Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinə birbaşa təsir göstərə bilər. Əgər Avropa strukturları vasitəsilə hansısa tərəfin mövqeyinə təsir göstərmək cəhdləri həqiqətən mövcuddursa, bu, danışıqların balansını poza və tərəflər arasında etimadı zəiflədə bilər. Sülh prosesinin ən həssas mərhələsində bu cür informasiya fonu əlavə şübhələr yaradır və kompromis imkanlarını məhdudlaşdırır. Nəticədə proses daha çox siyasi manipulyasiya müstəvisinə keçə və real razılaşmaların əldə olunmasını gecikdirə bilər.

Avropa İttifaqı üçün isə bu vəziyyət institusional etimad məsələsini ön plana çıxarır. Bu tip iddiaların yayılması belə, Aİ-nin neytrallığı və şəffaflığı ilə bağlı suallar doğurur və beynəlxalq imicə təsir edir. Bu səbəbdən Avropa qurumları yalnız təkzib və ya açıqlama verməklə kifayətlənməməli, eyni zamanda müstəqil araşdırmalar, lobbiçilik fəaliyyətlərinin daha sərt tənzimlənməsi və qərarvermə proseslərinin açıq monitorinqi kimi addımlar atmalıdır. Əks halda, bu kimi hallar təkcə konkret bir məsələ ətrafında deyil, ümumilikdə Avropa institutlarına olan inamın zəifləməsinə gətirib çıxara bilər.

Alim Nəsirov


SON XƏBƏRLƏR