q
  • Bakı 12° C

    3.34 m/s

  • USD - 1.7

    EUR - 1.9899

    RUB - 2.26

Ukrayna müharibəsində dönüş: Rusiya dayanır, yoxsa?..

SİYASƏT

30 Aprel 2026 | 17:38

Ukrayna müharibəsində dönüş: Rusiya dayanır, yoxsa?..

Rusiya-Ukrayna müharibəsi ilə bağlı atəşkəs ehtimalı yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Rusiya Prezidenti Vladimir Putinin sülh danışıqlarına açıq mesajlar verməsi müxtəlif cür şərh olunur.

Bəziləri bunu müharibənin yeni mərhələyə keçidi kimi qiymətləndirir, digərləri isə taktiki gediş hesab edir. Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın proseslə bağlı açıqlamaları da diqqət mərkəzindədir.

Moskvanın atəşkəs siqnalları real sülh niyyətindən qaynaqlanır, yoxsa geosiyasi hesablamaların tərkib hissəsidir? Tramp isə bu prosesdə həqiqətən vasitəçi ola bilərmi?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politooq Tofiq Abbasov bildirib ki, Vladimir Putinin artıq sülhə hazır olması onu göstərir ki, Rusiya Federasiyası qarşısına qoyduğu əsas məsələlərə nail olub, yəni əsas hədəflərinə çata bilib. Bu istiqamətdə də Rusiya yaxşı anlayır ki, Qərb dünyası ilə qarşıdurmanın yeni mərhələsi qaçılmazdır. Yəni indi hərbi kampaniyanı dayandırıb sülh danışıqları aparmaq, digər tərəfdən isə yeni mərhələyə qədəm qoymaq son dərəcə vacibdir:

"Burada təbii ki, Donald Trampla Putinin münasibətlərini də nəzərə almaq lazımdır. Yenə telefon danışığı olub. Yada salsaq ki, Tramp üçün Ukrayna müharibəsinin dayandırılması əsas prioritetlərdən biri idi. Hakimiyyətə gələndən gah “bir günə qurtaracağam”, gah “yarım ilə”, gah da “üç aya” deyirdi. Amma sonradan anladı ki, bu məsələ onun tam nəzarətində deyil və Vladimir Putin də belə asanlıqla onun istədiyinə razı olmazdı".

Politoloqun sözlərinə görə, bu, Rusiyaya lazım olduğu üçün Putin, məncə, telefon danışığında Trampla müəyyən razılığa gəlib və bildirib ki, “bəli, mən sülhə hazıram”. Burada paralel görmək lazımdır. Donald Tramp İran cəbhəsində kifayət qədər dolaşıq vəziyyətə düşüb və ordan çıxa bilmir. “Blokada” siyasəti ilə bütün dünyaya güc nümayiş etdirməyə çalışsa da, əslində vəziyyəti siyasi və geosiyasi baxımdan son dərəcə gərgin və təhlükəlidir. Çünki Konqres seçkiləri ərəfəsində belə avantüraya getmək və İsrailin təsiri ilə hərəkət etmək siyasi məğlubiyyətə bərabər ola bilər:

"Rusiyaya gəldikdə isə, artıq onun bu müharibədən çıxmaq imkanı var. Çünki Ukrayna ərazisinin böyük bir hissəsini nəzarətə götürüb. Krımdan başlayaraq Luqansk vilayətinə qədər böyük bir zolaq Rusiyanın ixtiyarındadır. Məncə, həmin ərazilərin geri qaytarılması məsələsi real görünmür. Rusiya o torpaqları qanla aldığını düşünür və danışıqlar yolu ilə onları qaytarmağa getməyəcək".

Müsahibimiz qeyd edir ki, bunu həm Avropa, həm də Donald Tramp yaxşı başa düşür. Ona görə də uzun müddətdir Ukraynanın siyasi rəhbərliyinə mesaj verilirdi ki, sülh olsa belə, ərazilərin geri qaytarılması məsələsi müzakirə mövzusu olmayacaq. Əgər bu məsələ danışıqlar masasına gətirilsə, Putin həmin masanı tərk edəcək:

"Hesab edirəm ki, burada Rusiyanın öz strateji planları var. Onlar gələcəkdə mümkün Rusiya-Avropa Birliyi qarşıdurmasına hazırlaşırlar. Əgər belə bir müharibə baş versə, bu artıq Ukrayna kampaniyasının təkrarı olmayacaq. Çox daha qanlı, dağıdıcı və ağır nəticələr doğuran qarşıdurmaya çevrilə bilər.

Çünki Ukraynada Rusiya daha çox məhdud və ünvanlı hərbi fəaliyyət göstərirdi. Hərçənd hər şey istədiyi kimi alınmırdı, amma ən dağıdıcı silahlardan geniş istifadə olunmurdu. Söhbət “Oreşnik”, “Bulava” və digər ağır silahlardan gedir. Rusiyanın hərbi sənaye potensialı hazırda intensiv şəkildə artırılır".

Tofiq Abbasov: 2027-2028-ci illərdə daha böyük bir qarşıdurmanın şahidi ola bilərik

T. Abbasovun firkincə, Rusiya ümumilikdə öz əsas istəklərinə nail olub. Digər tərəfdən Trampın Zelenskiyə qarşı açıq narazılığı da göstərir ki, müəyyən mənada Rusiyanın mövqeyinə yaxın davranmağa çalışır. Bu da onun şəxsi münasibətlər müstəvisində qarşılıqlı etimad görüntüsü yaratmaq istəyi ilə bağlıdır.

Amma tam etimaddan söhbət gedə bilməz. Çünki ABŞ və Rusiya hər zaman bir-biri üçün ekzistensial rəqib olublar. Hazırda Ukrayna məsələsində ABŞ ilə Avropa arasında fikir ayrılığı yaransa da, bu müvəqqəti xarakter daşıyır. Əslində Rusiyanın zəiflədilməsi və məğlub edilməsi strategiyası ABŞ-dan qaynaqlanan bir hədəf idi:

"Bu baxımdan Putin artıq anlayır ki, daha dərinə getməyin mənası yoxdur. Müharibə illərlə davam edib, Rusiya böyük ərazilər əldə edib və həmin ərazilərin reinteqrasiyasının qaçılmaz olduğunu düşünür. Ona görə də indi yeni hərbi mərhələyə hazırlaşmaq üçün atəşkəsə və danışıqlara nail olmaq istəyir.

Hesab edirəm ki, yaxın gələcəkdə, çox güman 2027-2028-ci illərdə daha böyük bir qarşıdurmanın şahidi ola bilərik".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR