q
  • Bakı 13° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.9899

    RUB - 2.26

"ABŞ-də avtoritar meyllər güclənir"

SİYASƏT

30 Aprel 2026 | 15:56

ABŞ-də avtoritar meyllər güclənir

Xəbər verdiyimiz kimi, Ağ Ev ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniya Kralı III Çarlzın birgə fotosunu “Two Kings” - “İki kral” başlığı ilə yayımlayıb.

Bu, həm siyasi, həm də simvolik baxımdan geniş müzakirələr doğurub. Bu cür jestlər bəzən ciddi dövlət mesajı kimi deyil, kommunikativ və ya ironik çərçivədə də təqdim oluna bilər. Amma ictimai rəy və siyasi kontekst onu daha böyük müzakirələrin mərkəzinə çəkir.

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra ümumilikdə Amerika Birləşmiş Ştatlarında bir sıra antidemokratik addımların şahidi oluruq. Yəni müəyyən mənada ABŞ-də hakimiyyətin avtoritarlaşması istiqamətində addımların atıldığı müşahidə edilir:

"Bəli, müəyyən dərəcədə Donald Trampın özünü Böyük Britaniya kralı kimi aparması ilə bağlı fikirlər də səslənir. Məsələn, müxtəlif ərazilərə iddia etməsi, Kubanı, Venesuelanı ABŞ-nin tərkibinə daxil etmək barədə çağırışlar etməsi, eləcə də Qrenlandiyanın ələ keçirilməsi ilə bağlı açıq bəyanatlar verməsi Tramp dövründə avtoritar meyillərin güclənməsi kimi qiymətləndirilir".

Politoloqun sözlərinə görə, eyni zamanda ölkədaxili siyasətdə də Donald Tramp geri qalmır. ABŞ Konstitusiyasına əsasən, bir şəxs yalnız iki dəfə prezident seçilə bilər:

"Lakin Trampın tərəfdarları son vaxtlar konstitusiyanın dəyişdirilməsi ilə bağlı çağırışlar edərək, onun üçün prezidentlik qadağasının ləğv olunmasını tələb edirlər. Bu isə ölkənin ənənəvi demokratik sisteminə zərbə vuracaq bir məsələ kimi dəyərləndirilir".

Zeynal Əmrəliyev: Trampın bu məsələlərə münasibəti birmənalı qarşılanmır

Müsahibimizə görə, görünən odur ki, bu cür çağırışlar və siyasi müzakirələr ABŞ daxilində gərginliyi artıra bilər. Həmçinin Trampın bu məsələlərə münasibəti də birmənalı qarşılanmır və onun siyasətinin ciddi tənqidlərə səbəb olacağı ehtimal edilir:

"Böyük Britaniya kralı ilə görüşlərdə də Trampın davranışları diqqət çəkib. Diplomatik protokolda qəbul olunmuş ənənəvi salamlaşma qaydalarından fərqli olaraq, onun daha sərbəst və qeyri-adi davranışlar sərgilədiyi qeyd edilir. Məsələn, Fransa prezidenti Emmanuel Makronla görüşdə olduğu kimi, Böyük Britaniya kralı ilə görüşdə də daha fərqli üslub nümayiş etdirməyə çalışıb".

Zeynal Əmrəliyev bildirib ki, bu onun özünü bəzən dövlət başçılarından fərqli, daha dominant fiqur kimi təqdim etməyə çalışdığı barədə fikirləri gücləndirir. Nəticə etibarilə, bu cür davranışlar ABŞ daxilində və beynəlxalq arenada tənqidlərə səbəb ola bilər və gələcəkdə Trampın siyasi mövqeyinə təsir göstərə bilər.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR