q
  • Bakı 12° C

    3.34 m/s

  • USD - 1.7

    EUR - 1.9899

    RUB - 2.26

Hörmüz böhranı: ABŞ İranı niyə blokadaya ala bilmir?

SİYASƏT

30 Aprel 2026 | 16:50

Hörmüz böhranı: ABŞ İranı niyə blokadaya ala bilmir?

ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə sazişi ilə bağlı razılığa gəlməyi bacarmadığını yenidən bəyan edib. Tramp İranın özünü ələ ala və qeyri-nüvə sazişini necə imzalayacağını bilmədiyini yazaraq ölkə hakimiyyətini ən qısa zamanda ağıllanmağa çağırıb.

Trampın paylaşımında hərbi əməliyyatlar fonunda təsvir olunduğu və üzərində “yaxşı oğlan olmaq dövrü bitdi” yazısı olan fotoşəkil yer alıb. Tehran isə Vaşinqtona növbəti eskalasiyadan çəkinmək barədə xəbərdarlıq edib.

İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rzayi bildirib ki, ABŞ tərəfindən İrana qarşı hər hansı yeni təcavüz fəlakətlə nəticələnəcək:

“Amerika tərəfi üçün "ən sərfəli həll yolu" vəziyyətin normallaşdırılması üçün İranın irəli sürdüyü şərtlərlə razılaşmaqdır”.

İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani isə ABŞ-nin hərbi əməliyyatları bərpa edəcəyi halda, dərhal cavab veriləcəyini bildirib.

Politoloq Xəyal Bəşirov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, ABŞ və İran qarşıdurması fonunda proseslər çox mürəkkəbləşib və “Qordi düyünü”nə çevrilib. Tramp nə qədər çalışsa da, bu “düyünü” kəsə bilmir.

Siyasi şərhçi bildirib ki, ABŞ bir müddət əvvəl İran ərazisində köməksiz vəziyyətdə qalmış pilotlarını xilas etmək adı altında İsfahanda zənginləşdirilmiş uranın çıxarılması istiqamətində əməliyyat həyata keçirdi:

“Amma bu əməliyyat uğursuzluğa düçar oldu. Əslində bunun pilotların qurtarılması ilə heç bir əlaqəsi yox idi. Hamı bilir ki, ABŞ prezidenti göstərişi sevən adamdır. Əgər amerikalı hərbçiləri öz pilotlarını xilas etsəydi, bunu böyük bir mərasimlə dünyaya nümayiş etdirərdilər. Məsələ ondadır ki, Ağ Ev özü də əmin deyil ki, İranda nüvə silahı var, ya yox. Yəni İranda uranın tam olaraq nə qədər zənginləşdirilməsi barədə səhih məlumat yoxdur”.

Müsahibimizin sözlərinə görə, Vaşinqton ilk günlərdə elə zənn edirdi ki, İranda hərbi-siyasi rəhbərlik öldürüləndən, ölkəyə ciddi ziyan dəyəndən sonra xalq etirazlara qalxacaq və rejim devriləcək:

“Ancaq gözlənilən olmadı və təxminən 40 gün müharibə davam etdi. Nəticədə atəşkəs əldə olundu və danışıqlar mərhələsi başladı. Lakin danışıqlar nəticə vermədi”.

Xəyal Bəşirov: ABŞ Hörmüz boğazını tam bağlamaqla İranın oradan buraxmaq istədiyi gəmilərin önünü almaq istəyir

Analitik vurğulayıb ki, ABŞ dünyanın gözü qarşısında İranı Hörmüz boğazını açmağa məcbur edə bilmədi:

“Vaşinqtonun müttəfiqləri də Trampın təzyiq siyasətinə qoşulmadı, dəstək vermədi. ABŞ Hörmüz boğazında blokadaya əl atmağa məcbur oldu. ABŞ Hörmüz boğazını tam bağlamaqla İranın oradan buraxmaq istədiyi gəmilərin də önünü almaq istəyir. Düzdür, İran müharibədən ciddi ziyan görüb, boğazın bağlanması İranın da öz mallarını daşımasına, neft ixracına imkan vermir. Amma ABŞ İranı tam mənada blokadaya ala bilməyib. Çünki İran Xəzər dənizi vasitəsi ilə Rusiyayla əlaqələr qurur. Həmçinin, Mərkəzi Asiya, Pakistan və Əfqanıstan vasitəsi il Çinlə əlaqələri var. Yəni İran kimi ölkələrdə istənilən fors-major hallara bir müddət sonra immunitet formalaşır”.

Politoloq qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi başlayanda və Qərb Kiyevə dəstək verəndə, hamı düşünürdü ki, Moskva bir müddət sonra çökəcək. Amma illər ötsə də, Rusiyanın iqtisadiyyatı da, cəmiyyəti də vəziyyətə uyğunlaşdırıldı.

X.Bəşirova görə. Körfəz ölkələrində artıq vahid mövqe var ki, ABŞ ilə birgə addımlar, müttəfiqlik onların təhlükəsizliyinə təminat vermir:

“Eyni zamanda təbii ki, bu ölkələrin Tehrana qarşı böyük hiddəti var. Səudiyyə Ərəbistanının Ciddə şəhərində artıq Körfəz ölkələrinin rəhbərləri toplaşaraq təhlükəsizliklə bağlı, İranın raket arsenalına və PUA-larına qarşı təhlükəsizliklə bağlı mexanizmlərin hazırlanmasını müzakirə edirlər. Əlbəttə, Körfəz ölkələrinin pərdə arxasında başqa məsələləri müzakirə edəcəyi də istisna deyil. Hesab edirəm ki, BƏƏ-nin OPEC-dən çıxma barədə qərarı da gündəmin əsas müzakirə pretmetidir. Bu addımın dünyada enerji bazarına ciddi təsirinin olacağı danılmazdır. BƏƏ-nin belə sərt bir addımı öz müttəfiqlərinə etiraz kimi də dəyərləndirilir. Çünki İranın zərbələri qarşısında Körfəz ölkələri özlərini müdafiə edə bilmədilər, öz müttəfiqləri də onların imdadına yetişmədi. Ehtimal ki, Körfəz ölkələri gələcəkdə enerji məsələləri ilə bağlı müstəqil siyasət sərgiləməyi düşünürlər. Bunun nə dərəcədə mümkün olacağını zaman göstərəcək”.

Aydın Baxış


SON XƏBƏRLƏR