Vaxtilə gəncləri hərbi təhsilə ruhlandırmaq məqsədi daşıyan həmin çarx indi tamam fərqli emosional yük daşıyır.
Bakıvaxtı.az xəbər verir ki, Cəmşid Naxçıvanski adına Hərbi Lisey üçün hazırlanmış videoda rol alan gəncin sonradan şəhid kapitan Həmid Cəfərli olduğu üzə çıxıb.
Məlumata görə, sözügedən görüntülərdə o bu təhsil ocağının 3-cü kursunda təhsil alırmış. Videoçarx 2007-ci ilə məxsusdur.
Qeyd edək ki, Həmid Cəfərli 1990-cı il avqustun 1-də Bakı şəhərində anadan olub. 2004-cü ildə hərbi liseyə daxil olub, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Qoşun kəşfiyyatı” ixtisası üzrə təhsil alaraq leytenant rütbəsi qazanıb.
Xidmət illərində müxtəlif vəzifələrdə çalışıb, intizamı və peşəkarlığı ilə seçilərək kapitan rütbəsinədək yüksəlib.
Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edən Həmid Cəfərli 2020-ci il oktyabrın 5-də şəhid olub və II Şəhidlər Xiyabanında dəfn edilib.
O, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Həmin kadrları təqdim edirik.
Murad İsmayıl
Bakı 




