Kral III Çarlzın ABŞ-yə səfəri və Donald Trampla görüşü transatlantik münasibətlərdə yeni dinamikanın formalaşdığını nümayiş etdirir.
Bu təmaslar yalnız simvolik xarakter daşımır, həm də Qərb dünyasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın yenidən konfiqurasiya olunduğuna işarə edir. Son illərdə qlobal güc mərkəzləri arasında rəqabətin artdığı bir şəraitdə ABŞ və Böyük Britaniya arasında yaxınlaşma, xüsusilə Avropa İttifaqı daxilindəki fikir ayrılıqları fonunda, diqqətçəkən geosiyasi siqnallar verir.
Bu kontekstdə yaranan yeni əməkdaşlıq formatı qlobal güc balansına təsir edərək beynəlxalq münasibətlər sistemində yeni prioritetlərin formalaşmasına səbəb ola bilər.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Abutalıb Səmədov bildirib ki, Kralın Amerika Birləşmiş Ştatlarına səfəri Böyük Britaniya–ABŞ münasibətlərində ciddi dəyişiklik yaratmayacaq.
Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri Kralın geniş siyasi səlahiyyətlərə malik olmamasıdır:
“Monarx daha çox təmsilçilik funksiyasını yerinə yetirir. Digər tərəfdən, Donald Trump ilə uzunmüddətli və sabit münasibət qurmağın son illərin təcrübəsi fonunda çətin olduğu görünür”.
Politoloq qeyd edib ki, Tramp özünə yaxın hesab etdiyi liderləri belə asanlıqla tənqid edə, onları gözdən salmağa çalışa və bu da dövlətlərarası münasibətlərdə gərginlik yarada bilər:
“Onun ikinci dəfə prezident seçilməsindən sonra NATO-nu zəiflətmək istiqamətində addımlar atması, hətta alyansdan çıxmaq ehtimalını dilə gətirməsi göstərir ki, hansı liderin ABŞ-a səfər etməsindən asılı olmayaraq, transatlantik münasibətlərdə ciddi dəyişiklik gözlənilmir. NATO üzvləri və alyansın güclənməsini istəyən dövlətlər Trampın prezidentlik müddətinin başa çatmasını gözləmək məcburiyyətindədirlər”.

Abutalıb Səmədov: Trampın qalan prezidentlik müddəti ərzində dünyada fundamental dəyişikliklərin baş verməsi ehtimalı olduqca aşağıdır
Həmsöhbətimiz vurğulayıb ki, Trampın indiyədək olan hakimiyyəti onun əsas prioritetinin ABŞ-ın milli maraqlarını qorumaq olduğunu açıq şəkildə nümayiş etdirir:
“Bu müddət ərzində müttəfiqlərlə münasibətlərin qorunması və inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atılmayıb və ehtimal ki, bundan sonra da atılmayacaq”.
Sonda politoloq əlavə edib ki, yaxın perspektivdə qlobal miqyasda ciddi dəyişikliklər gözləmək real deyil:
“Trampın qalan prezidentlik müddəti ərzində dünyada fundamental dəyişikliklərin baş verməsi ehtimalı olduqca aşağıdır”.
Əli Hüseynov
Bakı 




