• Bakı 18° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Ermənistanla Azərbaycan arasında sülh baş tutmuş faktdır - Paşinyan

SİYASƏT

09 Oktyabr 2026 | 10:12 | Müəllif: Əli Hüseynov

Ermənistanla Azərbaycan arasında sülh baş tutmuş faktdır - Paşinyan

Ermənistanla Azərbaycan arasında sülh baş tutmuş faktdır.

Bakıvaxtı.az-ın verdiyi xəbərə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

    Ermənistanın Baş naziri Azərbaycanla paraflanmış sülh sazişindən sitat gətirib:

    “Tərəflər birinci maddəyə tam uyğun olaraq, bir-birinə qarşı heç bir ərazi iddiasının olmadığını və gələcəkdə də belə iddialar irəli sürməyəcəklərini təsdiqləyirlər. Tərəflər digər tərəfin ərazi bütövlüyünün və ya siyasi birliyinin tamamilə, yaxud qismən parçalanmasına və ya pozulmasına yönəlmiş hər hansı fəaliyyətin planlaşdırılması, hazırlanması, təşviqi və dəstəklənməsi də daxil olmaqla, heç bir addım atmayacaqlar”.

    Paşinyan bildirib ki, bu müddəaları ehtiva edən saziş 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın Ağ Evdə təşkil etdiyi sülh sammiti çərçivəsində paraflanıb.

    “2020-ci il müharibəsindən sonra sülhə nail olmaq üçün uzun yol keçdik. Bu kontekstdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrında atəşkəsin əldə olunmasındakı rolunu xüsusi vurğulamaq istəyirəm. Lakin 2020-ci il 9 noyabr tarixli Bəyanatın imzalanmasından sonra da təəssüf ki, sülhə nail ola bilmədik”, – Ermənistan Prezidenti qeyd edib.

    Nikol Paşinyanın sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması üçün yalnız bir real variant mövcud idi və həmin arxitektura Almatı Bəyannaməsinin prinsipləri əsasında qurulub.

    O bildirib ki, 1991-ci ildə Almatı Bəyannaməsinin qəbul edilməsi Ermənistanla Azərbaycan arasındakı münaqişənin eskalasiyasının qarşısını ala bilməyib:

    “Otuz ildən artıq müddətdə münaqişə Almatı Bəyannaməsinin mövcud olduğu şəraitdə davam edib və sanki bu sənədin mövcudluğu nəzərə çarpmayıb. Tam sülhün bərqərar olunması üçün, obrazlı desək, Almatı Bəyannaməsini yenidən canlandırmaq lazım idi. Biz bunu Azərbaycan Prezidenti ilə birlikdə etdik”.

    Paşinyan xatırladıb ki, 2022-ci il oktyabrın 6-da Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Praqada keçirilmiş dördtərəfli görüşün yekununda tərəflər Almatı Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.

    “Hörmətli dövlət başçıları, Ermənistanla Azərbaycan arasında sülh baş tutmuş faktdır. Bu gün qeyd edə bilərik ki, son iki ildən artıq müddətdə ermənilərlə azərbaycanlılar arasında atışmalar nəticəsində ölən və ya yaralanan olmayıb. Halbuki 1990-cı illərdən başlayaraq otuz ildən çox müddətdə hər il hər iki tərəfdən ölən və yaralananlar olurdu”, – Ermənistan Prezidenti vurğulayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR