Almaniyanın Bavariya əyalətində silah saxlama şərtlərinin yoxlanışı zamanı iki dövlət qulluqçusu qətlə yetirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə DPA agentliyi yerli hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
Silahlı insident Noymarkt rayonunun Bernqau bölgəsində qeydə alınıb. Agentliyin məlumatına əsasən, rayon administrasiyasının əməkdaşları yerli sakinin evinə şəxsi odlu silahların saxlanma şəraitini yoxlamaq məqsədilə gəliblər. Hələlik naməlum səbəbdən ev sahibi məmurlara atəş açıb.
Polisin məlumatına görə, hər iki dövlət qulluqçusu - 54 yaşlı qadın və 45 yaşlı kişi - hadisə yerindəcə həyatını itirib. Məlumat daxil olduqdan dərhal sonra hadisə yerində, xüsusi təyinatlıların da cəlb olunduğu irimiqyaslı polis əməliyyatına başlanılıb.
Şübhəli şəxs evdə gizlənərək barrikada qurub, hüquq-mühafizə orqanlarının əməkdaşları isə onunla telefon əlaqəsi saxlayaraq təslim olmağa çağırıblar. Lakin o, sonadək müdafiə olunacağını bildirib.
Məlumata görə, hadisəni törədən 60 yaşlı Bernqau icmasının sakini polis tərəfindən saxlanılıb.
"Yekunda partlayıcı vasitələrin tətbiqi ilə əməliyyat həyata keçirilib. Bu zaman 60 yaşlı şübhəli şəxs ayağından yüngül güllə yarası alıb. Hazırda ona lazımi tibbi yardım göstərilir", - deyə polis nümayəndəsi əlavə edib.
Bildirilir ki, cinayətin motivi hələ müəyyən edilməyib.
















