q
  • Bakı 10° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

Bir qərar, milyardlıq itki: Əhalinin alıcılıq qabiliyyəti zəifləyə bilər

İQTİSADİYYAT

21 Aprel 2026 | 14:55

Bir qərar, milyardlıq itki: Əhalinin alıcılıq qabiliyyəti zəifləyə bilər

Hörmüz boğazı üzərində İranın təsir imkanları qlobal enerji bazarının sabitliyi baxımından mühüm rol oynayır.

Bu strateji dəhlizdən təzyiq aləti kimi istifadə qısa müddətdə müəyyən siyasi və iqtisadi üstünlüklər yarada bilsə də, belə bir siyasətin uzunmüddətli perspektivdə İranın öz iqtisadi maraqları ilə nə dərəcədə uzlaşdığı sual doğurur.

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, Hörmüz boğazı həm qlobal iqtisadiyyat, həm də İran iqtisadiyyatı üçün ciddi əhəmiyyətə malik əsas dəhlizlərdən biri hesab olunur. Məsələyə İran aspektindən yanaşdıqda isə təsirləri iki əsas ssenari üzrə nəzərdən keçirmək daha məqsədəuyğundur:

“Birinci ssenaridə İran Hörmüz boğazını bağlayır, lakin müəyyən tərəfdaşlara və öz şirkətlərinə bu marşrutdan istifadə imkanı yaradır. Bu halda İran iqtisadiyyatı üçün təsirlər tamamilə neqativ olmayacaq. Qlobal enerji bazarında qiymətlərin artması nəticəsində mal və xidmətlərin bahalaşması, o cümlədən İranın idxal etdiyi məhsulların qiymətinin yüksəlməsi qaçılmazdır. Bununla yanaşı, neftin bahalaşması İranın ixrac gəlirlərini artıraraq yaranan təzyiqləri qismən neytrallaşdırmaq üçün əlavə maliyyə imkanları yarada bilər”.

İqtisadçının sözlərinə görə, dövlət sosial siyasət və digər mexanizmlər vasitəsilə artan xərcləri qismən və ya tam kompensasiya edə bilər. Bu təsirlərin gücü isə prosesin qısamüddətli və ya uzunmüddətli olmasından asılı olaraq dəyişəcək:

“İkinci ssenaridə isə İran Hörmüz boğazını bağlayır və buna cavab olaraq ABŞ və onun müttəfiqləri də boğazı blokadaya alır. Bu vəziyyətdə İran özü də bu dəhlizdən istifadə edə bilmir. Nəzərə almaq lazımdır ki, İran gündə təxminən 1,5 milyon barel nefti məhz bu marşrut vasitəsilə ixrac edir ki, bu da cari qiymətlərlə gündəlik təxminən 140-150 milyon dollar, aylıq isə 4,2–4,5 milyard dollar həcmində gəlir deməkdir. Bu gəlirin itirilməsi İran üçün ciddi iqtisadi zərbə olacaq. Alternativ marşrutlar vasitəsilə müəyyən kompensasiya mümkün olsa da, itkilərin əhəmiyyətli hissəsini əvəz etmək çətin olacaq”.

Rəşad Həsənov: Milli valyutanın məzənnəsi daha da dəyərsizləşə bilər

R.Həsənov bildirib ki, belə bir vəziyyətdə İranın daxili iqtisadiyyatında bir sıra mənfi nəticələr ortaya çıxa bilər. Milli valyutanın məzənnəsi daha da dəyərsizləşə bilər, məzənnənin sabitləşdirilməsi imkanları məhdudlaşar:

“Xarici ticarət tərəfdaşları ilə hesablaşmalar üçün mövcud valyuta ehtiyatları azalacaq, bu da ölkənin alıcılıq qabiliyyətini, xüsusilə də hərbi xərclərin yüksək olduğu şəraitdə, ciddi şəkildə zəiflədəcək. Eyni zamanda, neft hasilatının davamlılığında yarana biləcək problemlər fonunda iqtisadi resessiyanın dərinləşməsi və işsizlik risklərinin artması ehtimalı yüksələcək”.

Müsahibimiz vurğulayıb ki, nəticə etibarilə, Hörmüz boğazının İran üçün də bloklanması çoxşaxəli mənfi təsirlərə səbəb ola bilər. Bu proses qlobal səviyyədə qiymət artımını sürətləndirəcək, İranın idxal xərclərini artıracaq, tədiyə balansını pisləşdirəcək və inflyasiyanı sürətləndirəcək. Bunun nəticəsində əhalinin alıcılıq qabiliyyəti ciddi şəkildə zəifləyə bilər:

“Yekunda qeyd etmək lazımdır ki, bütün bu təsirlər hadisələrin hansı ssenari üzrə inkişaf etməsindən və prosesin nə qədər davam etməsindən birbaşa asılıdır. Mövcud şəraitdə isə qeyri-müəyyənlik yüksək olaraq qalır və bu səbəbdən təsirlərin dəqiq proqnozlaşdırılması kifayət qədər çətindir”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR