q
  • Bakı 10° C

    3.81 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

Etimadın bərpası: Platformalarda yaranan fürsətlər

CƏMİYYƏT

21 Aprel 2026 | 16:00

Etimadın bərpası: Platformalarda yaranan fürsətlər

“Müxtəlif beynəlxalq platformalarda Azərbaycan və Ermənistan rəsmilərinin iştirakı formal hadisə kimi görünə bilər. Amma əslində bu cür təmaslar diplomatik proseslərin vacib hissəsidir və müəyyən mənada tərəflər arasında dialoqun davam etdiyini göstərir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, "nünaqişələrin idarə olunması" və "dayanıqlılığın artırılması" kimi mövzuların açıq müzakirəsi, xüsusilə beynəlxalq auditoriya qarşısında aparılması, qarşılıqlı etimadın formalaşmasına müəyyən töhfə verə bilər:

“Rəsmilərin eyni platformanı paylaşması, daha balanslı və konstruktiv yanaşmaların ortaya qoyulmasına şərait yaradır və bu da həm tərəflərə, həm də beynəlxalq ictimaiyyətə müsbət siqnal kimi qəbul olunur”.

Müsahibimiz qeyd edib ki, belə forumların digər bir önəmi isə rəsmi çıxışlardan kənarda yaranan təmas imkanlarıdır:

“Kuluar söhbətləri, qısa görüşlər bəzən daha sərbəst və gərginliksiz müzakirələr üçün imkan yaradır. Bu isə müəyyən məsələlərin irəli aparılmasına dolayı da olsa, təsir etmək gücünə malikdir".

Razi Nurullayev: Sülh prosesində əsas rol birbaşa danışıqlara və siyasi iradəyə məxsusdur

Deputat hesab edir ki, bu cür tədbirlər eyni zamanda regionda baş verən proseslərə diqqəti artırır və tərəflərin sülh gündəliyindən uzaqlaşmadığını göstərir. Bu isə ümumi fon baxımından vacib amildir.

"Təbii ki, belə görüşlərdən dərhal konkret nəticə gözləmək düzgün olmaz. Sülh prosesində əsas rol yenə də birbaşa danışıqlara və siyasi iradəyə məxsusdur. Amma ümumi olaraq, bu tip platformalar etimadın güclənməsi və müsbət atmosferin formalaşması baxımından faydalı rol oynayır", - deyə Razi Nurullayev qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR