Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında çıxışı zamanı 2021–2025-ci illəri əhatə edən strateji planın əsas hədəflərinin böyük hissəsinin yerinə yetirildiyini bildirib.
Bakıvaxtı.az-ın məlumatına görə, o qeyd edib ki, strateji plan beynəlxalq praktikaya uyğun olaraq illik əməliyyat planları əsasında icra olunub və bu müddət ərzində ümumilikdə 5 əməliyyat planı hazırlanıb.
Gülməmmədovun sözlərinə görə, planın icrası dövründə əməliyyat planlarının yerinə yetirilmə səviyyəsi təxminən 90 faiz təşkil edib. Monitorinq çərçivəsində müəyyən edilən göstəricilər üzrə ümumi icra isə 80 faizdən yuxarı olub. Eyni zamanda, ayrılmış büdcə vəsaitlərinin icrası da 80 faizdən bir qədər çox qeydə alınıb ki, bu da strateji planın ümumilikdə səmərəli həyata keçirildiyini göstərir.
O əlavə edib ki, strateji sənəddə nəzərdə tutulan iki yekun və doqquz aralıq nəticə üzrə mühüm irəliləyişlər əldə edilib və qarşıya qoyulan məqsədlərin əksəriyyəti icra olunub.
Əli Hüseynov
Bakı 




